...

"Kütləvi çıxarış" kampaniyası İsmayıllıda (FOTO)

Cəmiyyət Materials 9 Dekabr 2015 20:25 (UTC +04:00)
Əmlak Məsələləri Dövlət Komitəsi növbəti “Kütləvi çıxarış” kampaniyasını İsmayıllı rayonunda keçirib.
"Kütləvi çıxarış" kampaniyası İsmayıllıda (FOTO)

Bakı. Trend:

Əmlak Məsələləri Dövlət Komitəsi növbəti "Kütləvi çıxarış" kampaniyasını İsmayıllı rayonunda keçirib.

Komitədən Trend-ə verilən məlumata görə, kampaniyada əvvəllər müxtəlif qurumlar tərəfindən verilmiş qeydiyyat vəsiqələri, aktlar, şəhadətnamələr, əmrlər və digər mülkiyyət sənədləri əsasında kütləvi şəkildə çıxarışlar təqdim olunub.

Belə ki, İsmayıllı rayonunun bir neçə kəndində baş tutan kampaniyada 80-ə yaxın kənd sakininə dövlət reyestrindən çıxarış verilib, 30-yaxın vətəndaşdan ilkin mülkiyyət sənədi qəbul edilib.

Kampaniyanın məqsədi qeydiyyat xidmətlərini vətəndaşlara birbaşa yerlərdə çatdırmaqla bu xidmətlərdən daha geniş əhali kütləsinin səmərəli istifadəsini təmin etməkdir.

Xatırladaq ki, kampaniya regionlarla yanaşı, artıq Bakı şəhərində də keçirilir. Paytaxtda yerləşən çoxmərtəbəli binalardakı mənzil sahibləri də kampaniyadan faydalana bilir. Kampaniya indiyədək Bakının Səbail, Sabunçu və Xətai rayonlarında baş tutub. Qeyd edək ki, Bakı şəhərində kampaniya Azərbaycan Respublikası Prezidentinin 13 yanvar və 30 oktyabr tarixli daşınmaz əmlakın qeydiyyatı ilə bağlı Fərmanlarının icrası məqsədilə həyata keçirilir. Belə ki, həmin fərmanlarla təsdiq olunmuş daşınmaz əmlakın qeydiyyatı üçün əsas hesab olunan mülkiyyət sənədlərinə uyğun olaraq kütləvi çıxarışlar təqdim olunur.

Qeyd edək ki, kampaniya müddətində dövlət reyestrindən çıxarışlar vətəndaşlara mobil ofis xidmətləri vasitəsilə birbaşa olaraq yerlərdə təqdim olunub. Mobil ofislər vasitəsilə çıxarışların verilməsində məqsəd rahatlıq və çevikliyi təmin etmək və vaxta qənaət etməkdir. Eyni zamanda, bildirək ki, mülkiyyət sənədlərinin dövlət reyestrindən çıxarışlarla əvəz olunması ərazi qeydiyyat idarələrində də həyata keçirilir. Kampaniyadan faydalanmaq istəyən vətəndaşlar Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 148 saylı qaynar xəttinə və ya Xidmətin müvafiq ərazi idarəsinə müraciət edə bilər.

Əmlak Məsələləri Dövlət Komitəsi vətəndaşlar üçün mühüm əhəmiyyət kəsb edən bu kampaniyanı respublikanın digər şəhər və rayonlarında da mütəmadi olaraq davam etdirəcək. Kampaniyanın davamlı həyata keçirilməsi daşınmaz əmlakın qeydiyyatı sahəsində sosial məmnunluğun artması və vətəndaşların sosial durumunun daha da yaxşılaşdırılmasına xidmət edir.

Xatırladaq ki, Əmlak Məsələləri Dövlət Komitəsi daşınmaz əmlakın qeydiyyatı sahəsində son illərdə bir sıra mühüm nailiyyətlərə imza atıb. Belə ki, qeydiyyat prosedurları sadələşdirilib, daşınmaz əmlakın təkrar qeydiyyatı ilə bağlı müddətlər qısaldılıb. Elektron, onlayn və SMS xidmətlər istifadəyə verilib. Müasir ərazi qeydiyyat idarələri, tam əlverişli və yüksək səviyyəli xidmət şəraiti yaradılıb. Elektronlaşdırma və sadələşdirmə tədbirləri qeydiyyat sahəsində şəffaflığın və operativliyin daha da yüksəlməsini təmin edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti