Bakı. Trend:
Dünyaya demokratiya, insan hüquqları dərsi keçənlərin özləri bu gün dünyanı sanksiyalarla idarə edirlər.
Trend-in məlumatına görə, bunu ölkə başçısı yanvarın 10-da Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Həsənov deyib.
Baş nazirin müavini bildirib ki, dünyada baş verən haqsızlıq və ədalətsizliklər yüz minlərlə insanın həyatını itirməsinə, il ərzində miqrantların sayının 10 milyondan çox artmasına səbəb olub:
"Dünyaya demokratiya, insan hüquqları dərsi keçənlərin özləri bu gün dünyanı sanksiyalarla idarə edirlər. Onların demokratiyası, insan hüquqlarının müdafiəsi bundan ibarətdirmi? 550 milyon əhalisi olan Avropa bu gün bir neçə yüz min miqrantın əlində əsir-yesir, çaş-baş qalıb, vəziyyəti idarə edə bilmirlər. Bəs kiçik əraziyə və azsaylı əhaliyə malik Azərbaycan dövləti və onun Prezidenti bir milyon iki yüz min qaçqın, məcburi köçkün problemini necə idarə edir?"
Ə. Həsənov bildirib ki, 2015-ci ildə Azərbaycanda siyasi, iqtisadi sabitlik qorunub saxlanılıb, ölkəmizdə heç bir sosial sahə maliyyə çətinlikləri ilə üzləşməyib:
"Bunun əsas səbəbi həyata keçirdiyiniz düzgün iqtisadi perspektiv proqnozlaşma və 2009-cu ildə neftdən asılılığı azaltmaq, qeyri-neft sektorunu inkişaf etdirmək barədə göstərişiniz və onun icrası oldu.
Azərbaycan bütün istiqamətlərdə akademik təhlillərə əsaslanan stabillik meyarları ilə idarə olunan, davamlı inkişaf edən, müstəqil siyasət yürüdən, parlament seçkilərini tam şəffaf, demokratik şəraitdə keçirən ölkə kimi bir daha tanındı. İstər Avropa siyasi qurumlarının, istərsə də bəzi dövlətlərin ölkəmizə qərəzli hücumlarının qarşısı məharətlə alındı.
Ölkədə və beynəlxalq aləmdə apardığınız uğurlu işlər qısqanclıq yaradıb. Bunun nəticəsi olaraq bəzi dövlətlər, beynəlxalq təşkilatlar ölkəmizin əleyhinə qərəzli işlər aparırlar. Yaranmış şəraitdən istifadə edən dünya erməni diasporları ermənipərəst konqresmenləri bu çirkin işə cəlb edirlər.
Möhtərəm cənab Prezident, 2015-ci ildə ölkəmizdə həyata keçirilən çoxsaylı sosial layihələrdən məcburi köçkünlər də bəhrələniblər. Bütün çətinliklərə baxmayaraq, son illərdə məcburi köçkünlərin sosial müdafiəsinə diqqət artırılıb. Büdcədən 2016-cı ildə sosial sahəyə yönəldilmiş vəsaitin həcmində hətta 2014-cü ilə nisbətən artım var".
Baş nazirin müavini bildirib ki, 2015-ci ildə Mingəçevir, Şirvan şəhərlərində, Hacıqabul, Saatlı, Abşeron, Bərdə, Sabirabad, Qazax, Zaqatala, Bakının Qaradağ, Sabunçu rayonlarında məskunlaşan 15 min məcburi köçkünün mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün tikinti işləri aparılıb, 5 yeni qəsəbə salınaraq yaşayış massivlərinin sayı 94-ə çatdırılıb:
"2015-ci il fevralın 24-də Mingəçevir şəhərində, martın 12-də isə Bərdə rayonu ərazisində məcburi köçkün ailələri üçün salınmış yeni yaşayış komplekslərinin açılışında şəxsən iştirak etdiniz.
Heydər Əliyev Fondunun bilavasitə təşəbbüsü və dəstəyi ilə Xırdalan şəhərində 600 məcburi köçkün üçün inşa edilmiş binanın 2015-ci il mayın 10-da keçirilmiş açılışında Fondun prezidenti Mehriban Əliyeva ailə üzvləri ilə birlikdə iştirak etdi".
Baş nazirin müavini bildirib ki, məcburi köçkünlərə nəzərdə tutulan güzəştlərin tam təhlili aparılıb, 2016-cı ildə komitəyə ayrılan büdcədən 40 milyon manata qədər vəsaitə qənaət edilməsi üçün təkliflər hazırlanıb.
2015-ci ildə komitəyə ayrılmış büdcədən, yaranmış maliyyə çətinlikləri nəzərə alınaraq, 5 milyon manat vəsaitə qənaət edilib.
Ə. Həsənov çıxışının sonunda bildirib ki, ölkənin əsas problemi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir:
"İnanırıq ki, apardığınız çoxşaxəli və qətiyyətli işlər öz nəticəsini verəcək. Buna görə də öz qüvvəmizə güvənmək, iqtisadiyyatımızı, hərbi qüvvəmizi daha da artırmaq siyasətiniz ən doğru yoldur".