Bakı. İlhamə İsabalayeva-Trend:
Azərbaycanın orta məktəblərində "Şahmat" fənninin tədrisinə 30 mindən çox şagird cəlb edilib.
Təhsil Nazirliyindən Trend-in sorğusuna bildirilib ki, hazırda ölkə üzrə 492 pilot ümumtəhsil məktəbinin 2, 3 və 4-cü siniflərində "Şahmat" fənni tədris olunur. Fənnin tədrisi ilə bağlı plan, proqram, dərslik hazırlanıb, məktəblər lazımi inventar və avadanlıqla təchiz edilib.
2013-2014, 2014-2015-ci tədris illərində "Şahmat" fənni tədris olunan pilot ümumtəhsil məktəblərinin şagirdləri arasında 4 yaş qrupu üzrə respublika şahmat festivalı keçirilib. Qalib şagirdlər Təhsil Nazirliyi tərəfindən qiymətləndirilib.
Xatırladaq ki, ümumtəhsil məktəblərində "Şahmat" fənninin tədrisinə 2011-2012-ci dərs illndən başlanılıb. Şahmat dərslərinin təşkilində məqsəd Dövlət Proqramında nəzərdə tutulan tədbirləri həyata keçirmək, respublikamızda şahmat idman növünü daha da inkişaf etdirmək, şagirdlərin intellektual səviyyəsini yüksəltmək, şahmatın kütləviliyinə nail olmaqdır.