...

İordaniyanın Azərbaycandakı səfiri Tərcümə Mərkəzində olub

Cəmiyyət Materials 9 Fevral 2016 17:16 (UTC +04:00)

Bakı. Trend:

Fevralın 9-da İordaniya Haşimilər Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Nassar İbrahim Məhəmməd əl-Habaşneh Tərcümə Mərkəzində olub.

Mərkəzdən Trend-ə verilən məlumata görə, Tərcümə Mərkəzinin direktoru Afaq Məsud qonağı salamlayaraq, dil və tərcümə sahəsində görülən işlərdən, Azərbaycanda ərəb dilinə və ədəbiyyatına olan maraqdan, ərəb yazıçı və şairlərinin əsərlərindən edilən tərcümələrdən, həmçinin dil və tərcümə müstəvisində dünya ölkələri ilə yaradılan sıx ədəbi əlaqələrdən söz açıb, yaxın vaxtlarda Misirdə ərəb dilində nəşri və təqdimat mərasimi gözlənilən "Müasir Azərbaycan ədəbiyyatı antologiyası"ndan danışıb: "Bu, akademik bir nəşrdir. Antologiyaya Azərbaycanın tanınmış ədiblərinin seçmə əsərləri toplanıb. Biz bu kitabı Misirlə yanaşı, digər ərəb ölkələrində, eləcə İordaniyada nəşr etmək niyyətindəyik. Ərəb dili və dünyası yer üzünün böyük bir hissəsini əhatə edir. İstəyirik ki, ədəbiyyatımız bütün ərəb ölkələrində tanınsın. Ərəb ədəbiyyatına gəlincə, hazırda Mərkəzdə böyük ərəb nasiri Nəcib Məhfuzun seçilmiş əsərlərindən ibarət kitab çapa hazırlanır. Kitabın təqdimatını Azərbaycanda fəaliyyət göstərən ərəb ölkələri səfirliklərinin iştirakı ilə təşkil etmək niyyətindəyik".

Mərkəzin dil və tərcümə, beynəlxalq əməkdaşlıq sahəsində gördüyü işləri yüksək qiymətləndirən səfir İordaniya Haşimilər Krallığı səfirliyinin bu istiqamətdə Mərkəzlə birgə həyata keçirə biləcəyi layihələrdən danışıb: "Sizinlə, bu qədər əhəmiyyətli işlər ərsəyə gətirən bir qurum rəhbəri, eyni zamanda tanınmış ədib kimi, tanışlıqdan böyük şərəf duyuram. Mərkəzin fəaliyyəti haqqında da məlumatlıyam. Azərbaycan dilinin və ədəbiyyatının beynəlxalq aləmdə, eləcə də dünya ədəbiyyatının Azərbaycanda təbliği istiqamətində həyata keçirdiyiniz layihələr bu gün dünya xalqları arasında qarşılıqlı anlaşmaya böyük imkanlar yaradır. Ədəbiyyat, bədii söz, əlbəttə, sərhəd tanımır. Bu mənada, Mərkəzi Azərbaycanın dünyaya açılan böyük Xitabət kürsüsü adlandırmaq olar. Azərbaycan ədəbiyyatının İordaniyada təbliği ilə bağlı səsləndirdiyiniz qiymətli təkliflər bizi yalnız sevindirir və düşünürəm ki, bu kitab Azərbaycanla İordaniya arasında əlaqələrin daha da yaxınlaşması istiqamətində öz töhfəsini verəcək".

Görüşün sonunda qonağa Mərkəzin kitab nəşrləri, "Xəzər" dünya ədəbiyyatı jurnalı, həmçinin Mərkəz tərəfindən bu vaxta qədər tərcümə və nəşr olunmuş əsərlərin ərəb dilində kataloqu və bukletlər təqdim olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti