...

Azərbaycan mətbuatı: IP xəstəliyi, baş-ayaq başlıqlar

Cəmiyyət Materials 21 Fevral 2016 14:48 (UTC +04:00)
Uzun inkişaf dövrü keçən Azərbaycan mətbuatı müasir dövrdə... Yox, elə birbaş mətləbə keçmək lazımdır.
Azərbaycan mətbuatı: IP xəstəliyi, baş-ayaq başlıqlar

Bəxtiyar Hacıyev - Trend:

Uzun inkişaf dövrü keçən Azərbaycan mətbuatı müasir dövrdə... Yox, elə birbaş mətləbə keçmək lazımdır.

Azərbaycan mətbuatı dedikdə, artıq qəzet, jurnal deyil, internet saytlar nəzərdə tutulur. Bunu etiraf etmək ağır olsa da, reallıq budur ki, internet-media qəzet, jurnalı sıradan çıxartdı. Və nəinki qəzet, jurnalı, mətbuatda peşəkarlığı da sıradan çıxartdı.

Bu gün mətbuat kimə görə, nəyə görə, nəyin uğrunda yazır? Gündəmin mövsuzu budur: hay-küy, "şok-şok-şok", dəhşət, müsibət, partlayış, şou-biznes əhlinin "nümunəvi" həyatı və s. və i.a.

Hərdən belə təəssürat yaranır ki, mətbuat işçiləri sanki Marsdan gəliblər, Yerdə nə baş verdiyindən xəbərsizdirlər. Sanki yazmağa, araşdırmağa mövzu tükənib. Biz hələ də IP davası edirik, səviyyəsindən asılı olmayaraq, istənilən oxucunu xəbəri oxumağa "məcbur" etmək üçün xəbər başlıqlarının başına oyun açırıq, dezinformasiyanı "səhih mənbəli" informasiya kimi də təqdim edirik. Niyə, cənablar? Məgər peşə borcumuz dəqiq, qərəzsiz, vicdanlı məlumatlar yaymaq, araşdırma aparmaq və yeni bilgilər verməklə səviyyəli oxucuya xidmət etmək və ya oxucuların səviyyəsini yüksəltmək, maarifləndirmək deyilmi? Görünür ki, yox. Əlbəttə, tənqid edəcəksiniz ki, reytinq və ya IP indiki vəziyyətdə vacibdir, çünki... Çünkisi məlumdur. Sizcə, sanballı araşdırma yazılarla, reportajlarla, müsahibələrlə və s. və i.a. reytinq, yeni oxucu qazanmaq mümkün deyil? Əlbəttə, mümkündür. Amma bir qədər çətindir. Rahatca oturub, "copypast"lə məşğul olub, baş-ayaq xəbər başlıqları qoymaqla reytinq qazanmaq əvəzinə niyə özümüzü əziyyətə salıb hansısa mövzunu araşdırmalıyıq? Əfsus ki, indi əksəriyyəti belə düşünür.

Artıq saytların bir çoxu profillərini də unudublar. İndi istənilən ciddi sayt "bozbaş müğənnilər"lə bağlı üzqaraldan məlumatlar yaymaqla maqazin saytını da vurub keçə bilər. İndi istənilən "çayxana.saz", "gətirapar.pinfo" kimi saytlar peşəkar jurnalistikadan da dəm vura bilər.

Bəlkə müğənnisini alimindən yaxşı tanıyan Azərbaycan oxucusuna sözün əsl mənasında kömək etməklə, xidmət etməklə reytinq qazanmaq yolları axtaraq? Bəlkə işçi vicdanımızın səsinə qulaq asıb ucuz xəbər dalınca qaçmağı dayandıraq? Bəlkə "filan yerdə azyaşlı zorlandı", "filankəsin başını kəsdilər", "dəhşət saçan qətl və ya yol qəzası", "şok, sos, ay haray", "dünyanın axırı çatdı" kimi başlıqlara, xəbərlərin içində jurnalist etikasına tamamilə zidd olan qanlı fotolara "dur!" deyək?

Sosial şəbəkələrdə "like" həşirində olan mətbuatla nə əldə etmək olar axı? Beş-altı ciddi mətbuat orqanı ilə necə inkişaf etmək olar axı? Birtərəfli, qərəzli, sifarişli, "copypast" xəbərlərlə nə vaxta qədər davam etmək olar axı?

Özünü ciddi, peşəkar hesab edən saytlar artıq dərindən düşünməlidirlər: mətbuatı necə dirçəldək, "peşəkar "copypast"çilər"dən necə təmizləyək, kəmiyyətin deyil, keyfiyyətin üstün olması üçün nə edək? Bu sahənin peşəkarları ciddi şəkildə mətbuatı xilas etmək yollarını düşünməlidirlər. Yoxsa bu gedişlə mətbuat ən yaxşı halda yalnız bayağı və şou xəbərlərdən ibarət olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti