...

"Xocalısız 24 il" (FOTO)

Cəmiyyət Materials 23 Fevral 2016 18:49 (UTC +04:00)
“Xocalısız 24 il” adlı tədbir keçirilib.
"Xocalısız 24 il" (FOTO)

Bakı. Trend:

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, "İçərişəhər" tarixi muzeyi, Elmi-mədəni mərkəz və Şirvanşahlar Sarayı kompleksi birgə Xocalı faciəsinin 24 illiyinə həsr edilmiş "Xocalısız 24 il" adlı tədbir keçirilib.

İdarədən Trend-ə verilən məlumata görə, tədbirdə qeyd olunub ki, Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olub. 1988-ci ildən başlamış Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi tarixində ən müdhiş hadisələrdən biri Xocalıda baş vermiş soyqırım olub. Tədbirdə çıxış edən natiqlər tərəfindən Xocalı faciəsinin iki yüz ilə yaxın bir müddətdə erməni şovinist-millətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı və ən qanlı səhifəsi olduğu vurğulanıb. Qeyd olunub ki, cinayətkar erməni hərbi birləşmələrinin vəhşiliyi nəticəsində 613 nəfər şəhid, 487 nəfər şikəst olub, 1275 nəfər dinc sakin - qocalar, uşaqlar, qadınlar əsir götürülərək ağlasığmaz erməni zülmünə, təhqirlərə və həqarətlərə məruz qalıb. 150 nəfərin taleyi hələ də məlum deyil.

Tədbir iştirakçıları faciənin 24-cü ildönümü ərəfəsində Xocalı şəhidlərinin əziz xatirəsini bir daha yad ediblər.

Tədbirdə Azərbaycan Təhsil Nazirliyi nəzdində fəaliyyət göstərən Uşaq Qalereyasının "Xocalı - Uşaqların gözü ilə" adlı rəsm sərgisi, "Xocalısız 24 il"adlı fotosərgi və Xocalı faciəsinə həsr olunmuş sənədli film nümayiş olunub.

Tədbirin bədii hissəsində Bakı şəhəri 6 nömrəli məktəb-liseyin və 203 nömrəli tam orta məktəbin şagirdlərinin ifasında Xocalı faciəsini əks etdirən kompozisiyalar nümayiş etdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti