...

Kiprli qonaqlar KİVDF-də oldular (FOTO)

Cəmiyyət Materials 25 Fevral 2016 13:33 (UTC +04:00)
Şimali Kipr Türk Cümhuriyyətinin Lefke Avropa Universitetinin rektoru Mehmet Əli Yükselenin rəhbərlik etdiyi nümayəndə heyəti bu gün Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunda Azərbaycan KİV-lərinin bəzi rəhbər şəxsləri ilə görüşüb.
Kiprli qonaqlar KİVDF-də oldular (FOTO)

Bakı. İlhamə İsabalayeva - Trend:

Şimali Kipr Türk Cümhuriyyətinin Lefke Avropa Universitetinin rektoru Mehmet Əli Yükselenin rəhbərlik etdiyi nümayəndə heyəti bu gün Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunda Azərbaycan KİV-lərinin bəzi rəhbər şəxsləri ilə görüşüb.

Trend-in məlumatına görə, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli bildirib ki, Mehmet Əli Yükselenin rəhbərlik etdiyi nümayəndə heyəti sabah Xocalı soyrımının qurbanlarının xatirəsinin yad etmək məqsədi ilə keçiriləcək tədbirdə iştirak etmək üçün Bakıya səfərə gəlib.

İştirakçılara Xocalı soyqırımı haqqında məlumat verən V.Səfərli deyib ki, Xocalı soyqırımı 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən törədilib. Soyqırım nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla - 613 nəfər Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən 76-sı uşaq idi.

Xocalı soyqırımına indiyədək lazımı siyası və hüquqi qiymətin verilmədiyini qeyd edən V.Səfərli əlavə edib ki, fevralın 26-sı Azərbaycanın xaricdəki səfirliklərinin təşkilatçılığı ilə dünyanın bir çox ölkələrində xüsusi qeyd edilir.

Lefke Avropa Universitetinin rektoru Mehmet Əli Yükselen deyib ki, səfərlərinin əsas məqsədi Xocalı soyqırımının anma günündə iştirak etməkdir. O, sabah tam heyətlə anma mərasiminə qatılacaqlarını da bildirib.

Rektor öz ölkələrinin təhsil sistemi barədə məlumat verərək əlavə edib ki, kiçik bir dövlət olan Şimali Kipr Türk Cümhuriyyəti özünün universitetlərini dünyanın ən yaxşı universitetləri sırasına salmağa çalışır.

"Yeni Azərbaycan" qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib ki, Xocalı soyqırımı Azərbaycanın ən yeni tarixinin ən faciəvi səhifələrindən biridir.

Xocalının ən qədim tarixi mədəniyyətə sahib olduğunu xatıladan deputat əlavə edib ki, ermənilər Xocalıda soyqırım etməklə həm də Azərbaycan mədəniyyətinin, tarixinin köklərini qırmağa çalışıblar: "Azərbaycanın faciələrini ən yaxşı sizlər başa düşərsiniz. Çünki bu, türkün taleyidir, biz bunları yaşamışıq. Bizim kökümüzü kəsməyə çalışıblar, amma biz yenə də yaşayırıq və yaşayacayıq".

"Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev isə bildirib ki, Kiprlə Azərbaycanın çox gözəl münasibəti var. Bu münasibətlərin gələcəkdə daha da inkişaf edəcəyinə əminliyini bildirən

B.Quliyev qonaqların Azərbaycana yaxşı məqsədlər üçün də səfər edəcəyinə də ümid etdiyini söyləyib: "Biz Kipri özümüzdən ayırmırıq. Siz Bakıya bir ziyalı kimi səfər etmisiniz, amma çox təəssüf ki, bu səfər belə bir günə təsadüf edir. İnaşallah Qarabağda sevincimizi birlikdə qeyd edəcəyik. Çox şadıq ki, yanımızdasınız".

Daha sonra çıxış edən universitetin nümayəndə heyətinin üzvləri bildiriblər ki, türklər öz türklüklərini qorumaq üçün canlarını belə fəda ediblər: "Türklüyümüzü qorumaq üçün can verdik. Azərbaycan da belə etdi, biz də belə etdik. Biz çox çətinliklər çəkdik, kiçik bir dövlət qurduq, onu yaşatmaq üçün səylər göstərdik. Azərbaycana təşəkkür edirik ki, bizi daim dəstəklədi və yanımızda oldu".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti