...

Bilik Fondu ilə Şəmkir Heydər Əliyev Mərkəzi arasında Niyyət Protokolu imzalandı (FOTO)

Cəmiyyət Materials 29 Fevral 2016 14:48 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ilə Şəmkir Heydər Əliyev Mərkəzi arasında əməkdaşlıq barədə Niyyət Protokolu imzalanıb.
Bilik Fondu ilə Şəmkir Heydər Əliyev Mərkəzi arasında Niyyət Protokolu imzalandı (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ilə Şəmkir Heydər Əliyev Mərkəzi arasında əməkdaşlıq barədə Niyyət Protokolu imzalanıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun İnformasiya təminatı sektorundan Trend-ə verilən məlumata görə, imzalanma mərasimində Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, Bilik Fondunun icraçı direktoru Oktay Səmədov, millət vəkilləri Sahibə Qafarova, Sona Əliyeva, rayon Təhsil şöbəsinin müdiri Məcid Şıxlinski, Mədəniyyət və turizm şöbəsinin müdiri Əsgər Əsgərov, Heydər Əliyev Mərkəzinin əməkdaşları, təhsil, səhiyyə işçiləri, yerli ziyalılar və gənclər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan millət vəkili S.Əliyeva rəhbərlik etdiyi mərkəzin Ümummilli lider Heydər Əliyev irsinin tədqiqi, təbliği, gənclərin bilik və bacarıqlarının artırılması, əhalinin maarifləndirilməsi istiqamətindəki fəaliyyəti barədə geniş məlumat verərək Bilik Fondu ilə gələcək əməkdaşlığın faydalı olacağına əminliyini vurğulayıb.

İcra başçısı A.Məmmədov sıx əməkdaşlıq niyyətində olan hər iki tərəfin eyni məqsədlərə xidmət etdiyini bildirib, rayonun icra hakimiyyəti orqanlarının Bilik Fondu və Mərkəzin birgə fəaliyyətinə hərtərəfli köməklik göstərməyə hazır olduğunu deyib.

Bilik Fondunun Himayəçilik Şurasının üzvü, millət vəkili S.Qafarova tədbirin Şəmkir ziyalıları üçün əlamətdar hadisə olduğunu, qısa müddətdə əhalinin maariflədirilməsi işində təcrübə əldə etmiş hər iki qurumun gələcək əməkdaşlığının azərbaycançılıq məfkurəsinin təbliğində böyük əhəmiyyət kəsb edəcəyini diqqətə çatdırıb.

Bilik Fondunun icraçı direktoru O.Səmədov Fondun fəaliyyəti haqqında məlumat verərək ölkə başçısı tərəfindən "Multikulturalizm ili" elan edilmiş 2016-cı ildə qarşıda duran vəzifələr barədə danışıb. İcraçı direktor Fondun əməkdaşlıq etdiyi elm, təhsil müəssisələri, idarə və təşkilatlar, o cümlədən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ilə birgə fəaliyyətindən söhbət açıb.

O.Səmədov Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayevin təşəbbüsü və elmi redaktorluğu ilə nəşr olunmuş "Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları" kitabını tədbir iştirakçılarına təqdim edib. Bilik Fondunun icraçı direktoru 25 dildə işıq üzü görmüş "Henrix Fridrix fon Dits. Homerinki ilə müqayisədə yeni aşkar edilmiş oğuz siklopu. Kitabi-Dədə Qorqud. Basat Təpəgözü öldürdüyü boyu bəyan edər" kitablarını Heydər Əliyev Mərkəzinə hədiyyə verib.

Tədbirdən sonra qonaqlar Şəmkirin nümunəvi təhsil və tərbiyə ocaqları ilə tanış olublar.

Bilik Fondu və Heydər Əliyev Mərkəzi arasında imzalanmış Niyyət Protokolu bölgə əhalisinin ictimai-siyasi, sosial-iqtisadi və elmi-mədəni sahələrdə maarifləndirilməsi, dövlətin daxili və xarici siyasətinin, ölkədə aparılan sosial-iqtisadi, mədəni quruculuq proseslərinin mahiyyətinin yerli ictimaiyyətə çatdırılması, Ümummilli lider Heydər Əliyev irsinin tədqiqi və təbliği, banisi olduğu azərbaycançılıq məfkurəsi zəminində milli-mənəvi və dini dəyərlərin təbliği, gənclər arasında elmi biliklərə marağın artırılması, onların vətənpərvərlik və tolerantlıq ruhunda tərbiyə olunması istiqamətində birgə fəaliyyətin təşkilini və həyata keçirilməsini nəzərdə tutur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti