...

Azərbaycanda şahmatın inkişafı dövlət səviyyəsinə qaldırılıb

Cəmiyyət Materials 2 Mart 2016 12:22 (UTC +04:00)
Bu gün “2009-2014-cü illər üçün Azərbaycan Respublikasında şahmatın inkişafı” Dövlət Proqramının yekunlarına dair tədbir keçirilib.
Azərbaycanda şahmatın inkişafı dövlət səviyyəsinə qaldırılıb

Bakı. Elçin Mehdiyev - Trend:

Bu gün "2009-2014-cü illər üçün Azərbaycan Respublikasında şahmatın inkişafı" Dövlət Proqramının yekunlarına dair tədbir keçirilib.

Trend-in məlumatına görə, tədbirdə gənclər və idman naziri Azad Rəhimov, təhsil naziri Mikayıl Cabbarov və Mərkəzi Bankın sədri, Şahmat Federasiyasının prezidenti Elman Rüstəmov iştirak ediblər.

Tədbirdə çıxış edən gənclər və idman naziri Azad Rəhimov Azərbaycan şahmatın inkişaf tarixindən danışıb.

A.Rəhimov bildirib ki, məhz Heydər Əliyevin təşəbbüsü ilə ötən əsrin 70-ci illərindən etibarən respublikamızın 60-a yaxın şəhər və rayonlarında uşag-gənclər şahmat məktəbləri tikilib istifadəyə verilib: "Hələ Sovetlər İttifaqı dövründə Dünya Şahmat Tacının Azərbaycana gətirilməsində də Heydər Əliyevin əvəzsiz xidmətləri olub".

Nazir vurğulayıb ki, Azərbaycan dövlət müstəqilliyini bərpa etdiyi vaxtdan bəri keçən müddət ərzində Azərbaycan şahmatçıları müxtəlif beynəlxalq yarışlarda, dünya və Avropa çempionatlarında ölkəni layiqincə təmsil edərək yüksək nəticələrə nail olub, 80-dən çox medal, o cümlədən 32 qızıl medal qazanıbar.

A.Rəhimov qeyd edib ki, Dövlət Proqramı uğurla həyata keçirilib.

Onun sözlərinə görə, proqramın həyata keçirildiyi dövr ərxində şahmat üzrə 40-a yaxın Azərbaycan birinciliyi və yarışları, o cümlədən beynəlxalq turnirlər keçirilib.

A.Rəhimov bildirib ki, proqram əsasında görülən işlər təhlili edilib və gələcək hədəflər müəyyənləşdirilib.

A.Rəhimov vurğulayıb ki, hazırda Azərbaycanda 25 beynəlxalq qrossmeyster, 16 beynəlxalq usta, 20 FİDE ustası, 15 benəlxalq hakim və 16 FİDE hakimi vardır: "Azərbaycan şahmatı dünya arenasında artıq elə bir yüksəlişə keçib ki, hətta 2014-cü ildə Norveçdə keçirilmiş Ümumdünya Şahmat Olimpiadasında komandamızın 179 ölkə arasında 2-5-ci yerləri bölüşdürüb".

A.Rəhimov deyib ki, Təhsil Nazirliyi ilə birgə aparılan birgə işlər nəticəsində respublikanın 70-dən çox orta ümumtəhsil məktəblərində "şahmat" fənninin tədrisinə başlanılıb. Nazir Azərbaycanda şahmatın inkişafına bundan sonra da böyük diqqət ayrılacağını söyləyib.

Tədbirdə çıxış edən təhsil naziri Mikayıl Cabbarov bildirib ki, şahmat yenganə idman növüdür ki, Azərbaycanda bir fənn kimi orta məktəblərdə tədris edilir.

M.Cabbarov bildirib ki, şahmat bir idman növü kimi Azərbaycanda xeyli inkişaf edib.

Nazir deyib ki, şahmat şagirdlərə düşüncə tərzinin inkişafına, çevik qərar qəbuletmə, mürəkəb şəraitlərdə taktika seçmək kimi vərdişlərin inkişafına təkan verir.

Onun sözlərinə görə, insanların şahmat kimi elmi bir idman növündən əldə etdiyi keyfiyyətlər digər karyeraların seçilməsində, düzgün qərarların qəbul edilməsində mühüm rol oynayır.

Sonra çıxış edən E.Rüstəmov isə deyib ki, şahmat idmanı əsrlərin dərinliyindən gəlib.

O qeyd edib ki, Azərbaycanda şahmatın dövlət səviyyəsinə qaldırılması və ona qayğı göstərilməsi məhz ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır: "Çox qısa müddətdə Azərbaycanda böyük şahmat infrastrukturu yaradıldı".

E.Rüstəmov bildirib ki, Azərbaycanda şahmatın yeni inkişaf strategiyası Prezident İlham Əliyev tərəfindən reallaşdırıldı: "Bütün idman növləri kimi şahmat da diqqətdən kənar qalmadı. Azərbaycanın şahmatın inkişafı dövlət səviyyəsinə qaldırıldı".

E.Rüstəmov bildirib ki, şahmat üzrə yeni kadrların yetişdirilmısi daim diqqət mərkəzində olub və bundan sonra da olacaq: "Azərbaycan artıq aparıcı şahmat dövlətlərindən biri kimi özünü təsdiq edib. Azərbaycan mötəbər beynəlxalq yarışlara və turnirlərə ev sahibliyi edir. Azərbaycan şahmatçılarının qələbələri davam edir. Dövlət proqramı sona çatsa da, proqramda qoyulan prioritetlər yenə də diqqət mərkəzində olacaq. Qarşıda işlərimiz çoxdur. Bu idman növünün Azərbaycanda daha da inkişaf etməsi, daha böyük naliyyətlər əldə edilməsi daim diqqətimizdədir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti