...

Almaniyanın Azərbaycandakı səfiri Bakı Ali Neft Məktəbində təqdimatla çıxış etdi

Cəmiyyət Materials 17 Mart 2016 14:23 (UTC +04:00)
Almaniya Federativ Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Haydrun Tempel Bakı Ali Neft Məktəbində (BANM) «Almaniyanın bərpaolunan enerji sahəsində təcrübəsi» mövzusunda təqdimatla çıxış etdi.
Almaniyanın Azərbaycandakı səfiri Bakı Ali Neft Məktəbində təqdimatla çıxış etdi

Bakı. Trend:

Almaniya Federativ Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Haydrun Tempel Bakı Ali Neft Məktəbində (BANM) "Almaniyanın bərpaolunan enerji sahəsində təcrübəsi" mövzusunda təqdimatla çıxış etdi.

Tədbiri açan BANM-in rektoru Elmar Qasımov səfir Haydrun Tempeli salamlayaraq onu Ali Məktəbdə görməkdən məmnunluğunu ifadə etdi. Ali Məktəbin bir sıra beynəlxalq şirkətlərlə əməkdaşlıq etdiyini deyən rektor Elmar Qasımov BANM-in Almaniyanın E.ON şirkəti ilə əlaqələrinin qurulduğunu, həmçinin Almaniyanın Axen Universiteti ilə bərpaolunan enerji ilə bağlı əməkdaşlıq etdiyini bildirdi. Elmar Qasımov dedi ki, bu əməkdaşlıq sayəsində Azərbaycanda ilk dəfə "Bərpaolunan enerji mühəndisliyi üzrə tədris və tədqiqat mərkəzi" BANM-də yaradılıb. O, Ali Məktəbin yeni kampusunda həmin mərkəz üçün yüksək səviyyədə təchiz olunmuş laboratoriyanın olduğunu nəzərə çatdırdı. Almaniyada bu sahənin yüksək səviyyədə inkişaf etdiyini deyən rektor Azərbaycanın bu sahədə ilk addımlarını atdığını vurğulayaraq, bununla bağlı Ali Məktəbdə görülən işlərdən danışdı. Rektor xanım səfirin Azərbaycandakı diplomatik missiyasını başa çatdırdığını bildirərək onun ölkəmizi xoş təəssüratlarla tərk edəcəyinə əminlik ifadə etdi. Elmar Qasımov xanım səfirə gələcək işlərində uğurlar arzuladı.

Səfir Haydrun Tempel BANM-də olmaqdan məmnunluq bildirərək Ali Məktəbin Almaniya universitetləri ilə əməkdaşlığını yüksək dəyərləndirdi. Sonra Haydrun Tempel "Almaniyanın bərpaolunan enerji sahəsində təcrübəsi" mövzusunda məruzə təqdim etdi. O, öz təqdimatında tələbələrə Almaniyanın bərpaolunan enerji sahəsində əldə etdiyi təcrübədən və bu istiqamətdə aparılan işlərdən söz açdı. Səfir təqdimatında bərpaolunan enerji sahəsində elmi və innovativ metodların tətbiqini vurğulayaraq, Almaniyanın bu sahədə qazandığı təcrübədən də bəhs etdi. O, BANM-də yaradılan mərkəzin gələcəkdə həmin elmi metodların ölkəmizdə tətbiq olunmasına öz töhfəsini verəcəyinə əminliyini ifadə etdi.
Sonda səfir tələbələri maraqlandıran çoxsaylı sualları cavablandırdı.

Tədbirin sonunda BANM-in rektoru Elmar Qasımov Haydrun Tempelə Ali Məktəbin "Fəxri qonaq" diplomunu təqdim etdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti