...

Eros Ramazzotti: Bakını özüm üçün kəşf etmək çox maraqlıdır

Cəmiyyət Materials 13 Aprel 2016 10:36 (UTC +04:00)
Məşhur italiyalı müğənni Eros Ramazzotti Bakıda ilk dəfə “Perfetto” adlı konsert proqramı ilə çıxış edəcək.
Eros Ramazzotti: Bakını özüm üçün kəşf etmək çox maraqlıdır

Bakı. Vüqar İmanov - Trend:

Məşhur italiyalı müğənni Eros Ramazzotti Bakıda ilk dəfə "Perfetto" adlı konsert proqramı ilə çıxış edəcək. Konsert aprelin 27-də Bakı Kristal Zalında keçiriləcək. Şou-proqram zamanı milyonların sevimlisi olan E.Ramazzotti tamaşaçılar üçün məşhur mahnılarını ifa edəcək.

Konsert ərəfəsində E.Ramazzotti Trend-ə eksklüziv müsahibəsində qarşıdakı konsert gecəsi barədə danışıb və qeyd edib ki, Azərbaycan paytaxtında çıxış edəcəyinə görə şaddır.

Romantik balladaları özünəməxsus ifa tərzi ilə seçilən E.Ramazzottinin "Perfetto" adlı Bakı konserti dünya turnesi çərçivəsində təşkil ediləcək.

E.Ramazzotti qeyd edib ki, bu, 6 ay əvvəl başlayan və 6 aydan sonra başa çatacaq, böyük gərginlik tələb edən turnedir: "Turne çərçivəsində bir-birindən uzaq məsafədə yerləşən Bakı və Toronto, Buenos-Ayres və Münhen kimi və digər şəhərlərdə çıxış edəcəyəm. Azərbaycana səfər etdiyimə görə çox şadam, çünki 30 illik karyeradan sonra da yeni auditoriya qarşısında çıxış etmək mənə yenə maraqlıdır".

E.Ramazzottinin konsertləri gözəl musiqi, zövq və unikal şou ilə fərqlənir.

Müğənni bildirib: "Bütün dünya üzrə gəzdiyim şou musiqi və vizual tamaşadır. Mən və daha 10 gözəl musiqiçi uzunmüddətli karyeramdakı ən vacib və dəyişməz olaraq populyarlıqla istifadə edilən kompozisiyaları, eləcə də son "Perfetto" albomuma daxil olan bir neçə yeni mahnını ifa edirik. Bəzən improvizasiya edirik və auditoriya ilə təmasdan asılı olaraq gözlənilməz və güclü məqamlar ola bilər. Vizual mənada işıq, lazerlər və böyük videoekrandan istifadə olunur. Videokrana gənc və istedadlı qrafika rəssamları, eləcə də video-meykerlər tərəfindən bu şou üçün xüsusi olaraq yaradılmış videonun proyeksiyası salınır".

Vokal göstəriciləri və ifa tərzi E.Ramazzottini milyonların sevimlisi edib, çünki "Dünyanın musiqi səfiri" adlandırılan müğənni kompozisiyalarında insanlara sevgi bəxş etməyə çalışır və sülhə çağırır.

E.Ramazzotti deyib: "Dünyanın musiqi səfiri" adı şərəfdir və onu doğruldacağıma ümid edirəm. Mən sülh və sevgini tərənnüm etməyə çalışıram. Hər mədəniyyətə, uzaq və ya mənə yaxın mədəniyyətə açığam; nəzərə almaq lazımdır ki, mən idealın arxasınca gedirəm. Bu idealda müxtəlif mədəniyyət və ənənələrin birgə mövcudluğu mümkündür. Ola bilsin ki, gözəl bir gündə bu, reallıq olacaq".

Müğənni Bakının bir sıra görməli yerlərinə baş çəkməyə, Şərqlə Qərbin arxitekturasının ahəngdarlığını öz gözlərilə görməyə, Azərbaycan xalqı və onun qonaqpərvərliyi ilə yaxından tanış olmağa hazırlaşır. Yeri gəlmişkən, Bakı və Neapol qardaş şəhərlərdir.

Bundan başqa, Bakıda Xəzərin sahilindəki Dənizkənarı Milli Parkda İtaliyanın kiçik guşəsi - kiçik Venesiya yaradılıb.

Müğənni əlavə edib: "Bakını özüm üçün kəşf etmək mənə çox maraqlıdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti