...

TQDK: Bəzi dil fənləri müəllimləri ləhcə ilə danışır

Cəmiyyət Materials 20 Aprel 2016 11:44 (UTC +04:00)
Riyaziyyat fənni üzrə dərsliklər bəzi hallarda məzmun etibarilə şagirdin məntiqi təfəkkürünün formalaşmasında yetərli rol oynamır.
TQDK: Bəzi dil fənləri müəllimləri ləhcə ilə danışır

Bakı. İlhamə İsabalayeva - Trend:

Riyaziyyat fənni üzrə dərsliklər bəzi hallarda məzmun etibarilə şagirdin məntiqi təfəkkürünün formalaşmasında yetərli rol oynamır.

Halbuki milli kurikulumda bu məsələ aparıcı mövqedədir və riyaziyyat təliminin başlıca məqsədi hesab olunur.

Bunu Trend-ə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının şöbə müdiri Afiqə Batıyeva deyib.

Bu gün dərsliklərdə daha çox qane edilməyən halların nələrdən ibarət olduğunu açıqlayan A.Batıyevanın sözlərinə görə, dərslik komplektlərində şagirdlərin müstəqil şəkildə məsələ və çalışmaları həll etmək bacarıq və vərdişləri tam formalaşdırılmır: "Yeni keçilən mövzu öncəki mövzularla əlaqələndirilmədiyi üçün öyrənilənlərin bacarıq və vərdişlərə çevrilməsi tam reallaşdırılmır. Yazılı, şifahi bacarıq və vərdişlər tam formalaşdırılmır. Riyazi biliklərin öyrədilməsi sistemli və tətbiqi mahiyyət daşımır. Tapşırıqların əsas standart və alt standartlara uyğunluğu əksər hallarda gözlənilmir. Bütün bunlara əsas səbəb bəzi hallarda həm də dərsliklərin metodiki cəhətdən məzmun etibarilə düzgün tərtib olunmamasıdır".

A.Batıyeva əlavə edib ki, "Azərbaycan dili" və "Ədəbiyyat" dərslik komplektlərində nəzərdə tutulan bəzi standartlar heç də hər mövzu üzrə tam reallaşdırılmır. Mövzu və mətnlərin bir qismi şagirdlərin yaş psixologiyasına tam uyğun deyil.

Mütəxəssis qeyd edib ki, bəzi hallarda mətnlərin tərbiyəvi rolu qənaətbəxş deyil, hətta bəzən yanlış mahiyyət daşıyır. Mətnlərin bir qismi vətənpərvərlik və millilikdən uzaqdır, əksər hallarda həcmcə böyükdür, lazımsız informasiyalarla yüklənib.

A.Batıyevanın sözlərinə görə, verilən dil qaydaları mətnlər üzrə paralel şəkildə işlək vəziyyətə gətirilmir: "Dil qaydaları üzrə verilən çalışmaların bir qismi qüsurludur. Mövzulararası əlaqə bəzən gözlənilmir. Mövzular üzrə tədris xətti sadədən mürəkkəbə deyil, bır sıra hallarda mürəkkəbdən sadəyə doğru verilib. Təqdim olunan dil qaydalarının izahı lazımi şəkildə əksini tapmır. Belə ki, eyni xarakterli dil qaydaları bərabər şəkildə izah edilmir".

A.Batıyeva qeyd edib ki, bir sıra hallarda dərsliklərdə öz əksini tapmayan dil qaydalarına aid tapşırıqlar və çalışmalar verilir: "Standartlarda nəzərdə tutulan "oxu və nitq bacarıqlarını inkişaf etdirmə" prosesi bir sıra hallarda mövzular və mətnlər üzrə tam açıla bilmir. Məhz bu sadalanlara görədir ki, dərslik komplektlərində şagirdlərin şüurlu oxu və məntiqi - şifahi nitq bacarıqlarını, öz fikirlərini yazılı şəkildə ifadə etmək, qabiliyyət və vərdişlərini formalaşdırmaq üçün bir sıra hallarda etibarlı və lazımi zəmin yoxdur".

A.Batıyeva əlavə edib ki, "Həyat bilgisi" dərslik komplektlərində bir sıra alt standartlarda nəzərdə tutulmuş bilik, bacarıq və dəyərlərin reallaşdırılması üçün ya heç bir material verilmir, ya da verilmiş material bunun üçün kifayət etmir: "Dərsliklərə alt standartlarda nəzərdə tutulmayan, bəzi hallarda isə hətta fənnə heç bir aidiyyəti olmayan materiallar daxil edilir. Fəndaxili və fənlərası inteqrasiya prinsiplərinə düzgün əməl edilmədiyinə görə materialların daha anlaşıqlı olması və şagirdlər tərəfindən daha asan mənimsənilməsi ilə bağlı ciddi problemlər yaranır. Bir çox hallarda dərsliklər çətin mövzularla başlayır, asan mövzularla bitir. Əksər hallarda mötəbər olmayan mənbələrdən götürülmüş və ya mənbəyi məlum olmayan məlumatlardan istifadə edildiyinə görə çoxlu sayda elmi-pedaqoji səhvlərə yol verilir. Dil fənləri üzrə, o cümlədən xarici dillər üzrə audio vasitələr olmadığından, kurikulumda nəzərdə tutulmuş "Dinləyib-anlama" məzmun xəttini tam reallaşdırmaq mümkün deyil. Çünki müəllimlərin bir çoxunun ədəbi tələffüz tərzi eyni deyil, bəziləri ləhcə ilə danışır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti