...

Prokuror Cavid Hüseynova 4 il cəza istədi

Cəmiyyət Materials 11 May 2016 12:59 (UTC +04:00)
Bu gün Səbail rayon Məhkəməsində futbolçu Cavid Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Prokuror Cavid Hüseynova 4 il cəza istədi

Bakı. Samir Əli-Trend:

Bu gün Səbail rayon Məhkəməsində futbolçu Cavid Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Trend-in məlumatına görə, hakim Elmar Rəhimovun sədrlik etdiyi iclasda şahid qismində ifadə verən Aydın Mahmudov Cavid Hüseynovun xəstəxanada Rasim Əliyevlə görüşü barədə danışıb və C.Hüseynovun hadisədən xəbərsiz olduğunu bildirib.

Prosesdə məhkəmə istintaqı yekunlaşıb və prokuror çıxış edib.

Dövlət ittihamçısı C.Hüseynovun 4 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmə prosesi mayın 16-da davam etdiriləcək.

Xatırladaq ki, Cavid Hüseynov jurnalist Rasim Əliyevin ölümü ilə bağlı təqsirləndirilir.

Rasim Əliyevin 8 avqust 2015-ci il tarixdə Bayıl qəsəbəsi ərazisində
bir qrup şəxs tərəfindən döyülərək vəfat etməsi faktına görə Cinayət Məcəlləsinin 126.3 (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 177.1-ci (oğurluq) maddələri ilə Bakı şəhər prokurorluğunda istintaqı aparılmış cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Hazırda məhkəmə davam etdirilir.

Həmin cinayət işinin materiallarından Cavid Hüseynovun Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanması və törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilməsinə dair hissə ayrıca icraata verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti