Bakı. Elçin Mehdiyev - Trend:
"Ramazan ayı ilə bağlı saxta təqvim həm siyasi baxımdan, həm də hüquqi baxımdan ciddi məsələdir".
Trend-in məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərov bu gün Qafqaz Müsəlmanları İdarəsində Ramazan ayı ilə bağlı keçirilən tədbirdə deyib.
S.Heydərov bildirib ki, heç kim saxta təqvimi özbaşına yaymır: "Bizim qənaətimizə görə, saxta təqvimi yayan insanlar haradansa idarə olunurlar. Onların bəziləri bunu başa düşərək edir, bəziləri başa düşməyərək edir. Amma fərqi yoxdur, hər ikisi siyasi və hüquqi baxımdan arzu olunmaz məsələdir".
S.Heydərov bildirib ki, burada Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin üzərinə böyük məsuliyyət və yük düşür: "Bizim tərəfimizdən həmişə olduğu kimi bu il də, bu müqəddəs ayda da müvafiq monitorinqlər keçiriləcək. Əgər belə hallar aşkarlanarsa, biz onlar barəsində ciddi tədbirlər görməyi planlaşdırmışıq. Əlbəttə, tədbirlər mövcud qanunvericilik bazasında olacaq. Əgər hansısa şəxslər bu təqvimi yayarsa, bizim mövcud qanunvericiliyə uyğun olaraq, bu, dini etiqad azadlığının pozulması, eləcə də dini zəmində qarşıdurma yaradılması kimi qiymətləndirilərək ona hüquqi qiymət veriləcək. Sizlərdən xahişimiz budur ki, əgər belə hallarla rastlaşarsınızsa, bizə məlumat verilərsə, biz o şəxslərin cəzalandırılması məqsədilə aidiyyatı hüquq-mühafizə orqanları ilə birgə o zəruri tədbirlərimizi görəcəyik".
S.Heydərov vurğulayıb ki, bəzi dini ədəbiyyatın satış mağazalarında da belə təqvimlərin satışı aşkarlanarsa, orada da müvafiq tədbirlər görüləcək: "Həmin kitab satış məntəqələrində hər hansı dini təyinatlı ədəbiyyat, əşya satılması üçün müvafiq icazə olmalıdır. Eyni zamanda bildiyiniz kimi ötən ildən həmin ədəbiyyatlara nəzarət markası vurulur. Əgər o ədəbiyyat Komitənin icazəsi ilə satışa çıxarılıbsa, onun üzərində mütləq nəzarət markası olmalıdır. Əgər bu, nəzarət markasız satılarsa, bunun da cinayət məsuliyyəti var".
Komitə sədrinin müavini bildirib ki, həmin şəxslərlə də işləmək lazımdır: "Bu məsələnin siyasi, hüquqi tərəfini onlara anlatmaq lazımdır. Onlar belə hərəkət edərlərsə, bizim birliyimizə, vəhdətimizə böyük ziyan vura bilərlər. Bu vəhdət asan əmələ gəlməyib. Bu gün Azərbaycandakı bu vəhdət əlbəttə min bir əziyyət ilə, ölkəmizin yürütdüyü düzgün siyasət ilə əldə olunub. Dünyaya nümunə olacaq bir vəhdətimiz var. Bu gün bizim dünyaya nümunə olacaq tolerantlıq, multikulturalizm modelimiz var. Artıq Azərbaycanın dünyada siyasi müstəvidə statusu dəyişir. Azərbaycan kiçik ölkə olsa da, ölkədə böyük məsələlər, qlobal təhlükəsizlik məsələləri müzakirə olunur".
S.Heydərov bildirib ki, bu gün qlobal təhlükəsizlik məsələləri dedikdə, ən ciddi məsələnin dini təhlükəsizlik məsələsi olduğunu görürük: "Artıq dini təhlükəsizlik məsələsində dünyada ciddi problemlər yaşanır. Çox şükürlər olsun ki, Azərbaycan bu sahədə dünyaya nümunədir və ona görə hər kəs onu anlamalıdır ki, kimsə o hərəkəti edərsə, onun ölkəmizin dini təhlükəsizliyinə problem yaratmasına ümumilikdə milli təhlükəsizliyimizə problem yaratması kimi qiymət veriləcək və onun həm siyasi, həm də hüquqi cavabı veriləcək".