...

Akademik: Bütün dünya azərbaycanlıları əl-ələ verməlidir

Cəmiyyət Materials 3 İyun 2016 16:10 (UTC +04:00)
Bakıda keçirilən Dünya Azərbaycanlılarının IV Qurultayı çərçivəsində “Müasir dövrdə informasiya müharibəsi – müdafiədən hücuma: şərtlər, siyasi reallıqlar və yeni fəaliyyət mexanizmləri” mövzusunda panel müzakirələri keçkirilib.
Akademik: Bütün dünya azərbaycanlıları əl-ələ verməlidir

Bakı. Elçin Mehdiyev - Trend:

Bakıda keçirilən Dünya Azərbaycanlılarının IV Qurultayı çərçivəsində "Müasir dövrdə informasiya müharibəsi - müdafiədən hücuma: şərtlər, siyasi reallıqlar və yeni fəaliyyət mexanizmləri" mövzusunda panel müzakirələri keçkirilib.

Trend-in məlumatına görə, müzakirələrdə çıxış edən Milli Məclisin deputatı Elman Nəsirov informasiya təhlükəsizliyi məsələlərinin xüsusi önəm kəsb etdiyini bildirdi. O qeyd edib ki, Ermənistanla informasiya müharibəsində qalib gəlməyimiz ərazi bütövlüyümüzün təmin olunmasında mühüm rol oynaya bilər.

Paneldə çıxış edən AMEA-nın müxbir üzvü, akademik Rasim Əliquliyev bildirib ki, 90-cı illərdə Azərbaycanda televiziyanın enerji blokunun partladılması ilə respublikamıza ciddi problem yaradılmışdısa, bu gün artıq Azərbaycanın peyki var:
"Bizim müstəqilliyimiz bizim sərvətimizdir, onu qorumalı və ayıq olmalıyıq. Azərbaycan "Vikipedia"da fəal olmalı, Azərbaycanın uğurları barədə məlumatlar yerləşdirilməlidir. 3-5 milyonluq bədnam qonşumuzun "Vikipedia"da 200 min məqaləsi olduğu halda, 50 milyonluq azərbaycanlının 100 min məqaləsi var. Bizim böyük potensialımız var, əl-ələ verib fəal olmalıyıq".

R.Əliquliyev əlavə edib ki, Azərbaycan virtual aləmdə fəal olmalıdır: "Tək Azərbaycan əhalisinin səyləri yetərli deyil, bütün dünya azərbaycanlıları əl-ələ verməlidir".

Daha sonra çıxış edən Özbəkistandan gələn tədqiqatçı, Qarabağ üzrə araşdırmaçı Şöhrət Salamov Azərbaycan və Özbəkistan xalqının dostluğundan, qardaşlığından danışdı. O deyib ki, Özbəkistan erməni işğalına qarşıdır: "Qarabağ məsələsində Azərbaycanın ərazi bütövlüyünün tərəfdarıyıq. Ancaq silah yolu ilə deyil, sülh yolu ilə məsələnin həllini istəyirik".

Müzakirələrdə çıxış edən Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadov Prezident İlham Əliyevin fikirlərinə istinad edərək informasiya mübarizəsində daha aktiv olmağın vacibliyini vurğulayıb. O bildirib ki, informasiya müharibəsində daha çox xarici ölkələrin jurnalistlərindən istifadə olunmalıdır, bu, daha çox effekt verir: "Biz ancaq Azərbaycan mediasında çıxış etməklə kifayətlənəcəyiksə, təbii ki, informasiya sahəsində qələbədən danışmağa dəyməz. Ona görə də xarici jurnalistlərlə əlaqələr gücləndirilməlidir".

H.Cavadov informasiya sahəsində uğurlu fəaliyyət üçün koordinasiya şurasının yaradılması təşəbbüsü ilə çıxış edib.

Litva Azərbaycanlıları Cəmiyyətinin sədri Mahir Həmzəyev isə azərbaycanlıların soyqrımı və Qarabağın işğalı ilə bağlı həqiqətlərin dünyaya yayılması üçün bir sıra xarici ölkələrin təcrübəsindən istifadə edildiyini vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti