...

Atletlər kəndindəki qəza ilə bağlı məhkəmə istintaqı yekunlaşdı

Cəmiyyət Materials 10 İyun 2016 12:13 (UTC +04:00)
Məhkəmənin növbəti iclası iyunun 17-nə təyin edilib.
Atletlər kəndindəki qəza ilə bağlı məhkəmə istintaqı yekunlaşdı

Bakı. Samir Əli - Trend:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 2015-ci ildə Bakıda keçirilən Avropa Oyunları zamanı "Atletlər kəndi"ndə baş vermiş yol-nəqliyyat hadisəsində təqsirləndirilən sürücü Vəli Əhmədov, Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin şöbə rəisi Hüseyn Salamov, "Təhlükəsiz şəhər" xidmətinin operatoru Elçin Həsənov və Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Sərnişindaşıma Departamentinin məsləhətçisi Fərid Əmiraslanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Trend-in məlumatına görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən şahid qismində ifadə verən Sahil Əhmədov Avropa Oyunlarında Dəstək Xidmətində menecer vəzifəsində çalışdığını bildirib. O, təqsirləndirilənlərdən yalnız sürücünü gördüyünü bildirib:

"Avtobuslar Qaradağda "Man" şirkətinin nümayəndəliyində texniki baxışdan keçirilirdi. Sürücülərə təlimlər keçirilirdi. Sürücülərin 40 faizindən çoxu avtobusu idarə edə bilmirdi. Mən və 5 mexanik sürücülərə bir-bir avtobusu yerindən götürməyi öyrədir, təlimlərdə diqqətli olmalarını bildirirdik. Qəza birbaşa sürücünün səriştəsizliyindən meydana gəlib. Həmin qəza törədən avtobusun heç bir problemi, nasazlığı olmayıb. Hadisədən dərhal sonra həmin avtobus qaraja gətirilib. Lentlənib, yanına mühafizəçi qoyulub. Səhəri gün Ədliyyə Nazirliyinin ekspertizası avtobusu yoxlamağa gəldi. Mən özüm avtobusu sürdüm, sürəti 60 km/saata qədər qaldırıb qəfil əyləci basdım. Heç bir nasazlıq yoxu idi. Bu onu göstərir ki, hadisə birbaşa sürücünün texnikaya bələd olmamasından baş verib".

Prosesdə müdafiə tərəfindən əlavə şahid qismində dindirilməsi istəlinən Davud Əfəndizadə ibtidai istintaqa verdiyi ifadəni təstiqləyib.

Prosedə məhkəmə istintaqı yekunlaşıb və prokuror çıxış üçün vaxt istəyib.

Məhkəmənin növbəti iclası iyunun 17-nə təyin edilib.

Qeyd edək ki, ittihama əsasən, 2015-ci il iyunun 11-də "Atletlər kəndi"nin nəqliyyat deposunda "BakuBus" MMC-yə məxsus avtobus hərəkət zolağından çıxaraq piyadalar üçün səki ilə gedən Avstriyanın sinxron üzgüçülük üzrə yığma komandasının üzvləri Vanessa Sahinoviç və Luna Paceri vurub. V.Əhmədova qarşı Cinayət Məcəlləsinin 263.1-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda), H.Salamov və E.Həsənova qarşı 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), F.Əmiraslanova qarşı isə 314-cü (səhlənkarlıq) maddəsi ilə ittiham irəli sürülüb. Digərlərindən fərqli olaraq, F.Əmiraslanov barəsində həbs qətimkan tədbiri seçilməyib. O, zaminə buraxılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti