Bakı. Ənvər Məmmədov - Trend:
Bakı yürüş və şəhər trasını birləşdirə bildi.
Bunu Trend-ə fransalı azarkeş Fransua Laval deyib.
Onun sözlərinə görə, ilk dəfə olduğu Bakı çox xoşuna gəlib:
"Şəhər çox xoşuma gəldi. Burada bir çox Şərq, eyni zamanda bir çox qərb elementləri var. Yeni ofis binaları ilə yanaşı, köhnə binalar, memarlıq abidələri də var. Bu əladır".
Qeyd edək ki, bu gün Bakıda “Formula 1” üzrə dünya çempionatının 8-ci – Avropa Qran Prisi yarışlarına start verilib.Hər biri iki pilotla təmsil olunan 11 komandanın birincilik uğrunda mübarizə aparacağı yarış trekinin uzunluğu 6 kilometrdir. Bakı Şəhər Halqasında dünyanın ən məşhur pilotları – Luis Hamilton, Fernando Alonso, Niko Rosberq, Sebastian Fettel, Valtteri Bottas və digərləri yarışacaqlar. Layihənin müəllifi bütün müasir “Formula 1” treklərinin memarı olan Herman Tilkedir.
Trekin ən geniş yerinin eni 13, ən dar hissəsinin eni isə İçərişəhər ətrafında, o cümlədən 7-ci və 8-ci döngələrdə 7,6 metr təşkil edir. Yarışın start və finiş xətti Azadlıq meydanında olacaq. Burada, həmçinin “Paddok klub”, komandaların boksları və pit-leyn qurulub.