...

İdris İsayev: Özünüməşğulluq proqramları əhalinin aztəminatlı qruplarının yoxsulluqdan çıxmasına şərait yaradacaq (FOTO)

Cəmiyyət Materials 21 İyun 2016 12:07 (UTC +04:00)
Geniş əhali kateqoriyalarını əhatə edən sosial təminat sisteminə malik Azərbaycanda aparılan sosial siyasətin əsas hədəflərindən biri də aztəminatlı ailələr üçün dayanıqsız passiv sosial təminat tədbirlərindən dayanıqlı aktiv məşğulluq proqramlarının tətbiqinə keçidin təmin edilməsidir.
İdris İsayev: Özünüməşğulluq proqramları əhalinin aztəminatlı qruplarının yoxsulluqdan çıxmasına şərait yaradacaq (FOTO)

Bakı. Trend:

Geniş əhali kateqoriyalarını əhatə edən sosial təminat sisteminə malik Azərbaycanda aparılan sosial siyasətin əsas hədəflərindən biri də aztəminatlı ailələr üçün dayanıqsız passiv sosial təminat tədbirlərindən dayanıqlı aktiv məşğulluq proqramlarının tətbiqinə keçidin təmin edilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, bunu Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev Nobel Sülh Mükafatı Laureatı Məhəmməd Yunusun iştirakı ilə Azərbaycan İqtisad Universitetində keçirilən konfransda “Yoxsulluğun azaldılmasında özünüməşğulluq tədbirlərinin rolu” mövzusunda çıxışı zamanı bildirib.

İ.İsayev Azərbaycan Prezidenti İlham Əliyevin sosial-iqtisadi siyasətinin uğurlarından söz açıb, respublikada iqtisadi inkişaf yönündə həyata keçirilən məqsədyönlü islahatların ildən-ilə güclənən sosial siyasətlə tamamlandığını vurğulayıb. Nazir müavini çoxsaylı və keyfiyyətli iş yerlərinin açılması, sahibkarlığın dəstəklənməsi və iqtisadiyyatın müasirləşdirilməsi, sosial ödənişlərin mütəmadi artırılması yönündə aparılan fəal siyasətdən bəhs edib. O, görülən işlərin sosial rifah göstəricilərinin yüksəlməsinə, habelə işsizlik səviyyəsinin təxminən 5 faizə, yoxsulluq səviyyəsinin 4,9 faizədək azalmasına səbəb olduğunu qeyd edib: “Dünya Bankının metodologiyasına görə, gündəlik gəliri 2 dollardan aşağı olanlar yoxsul, 1 dollardan aşağı olanlar isə ifrat yoxsul hesab edilirlər. 2003-cü ildə dünyada gündəlik gəliri 2 dollardan aşağı olan 2,6 milyard nəfər əhalinin müəyyən hissəsi ölkəmizdə idisə, hazırda dünyada gündəlik gəliri 2 dollardan az olan əhali arasında Azərbaycan əhalisi artıq yoxdur”.

Ünvanlı dövlət sosial yardımı proqramının aztəminatlı ailələrin minimum maddi tələbatlarının ödənilməsinə yönəldiyini qeyd edən İ.İsayev əslində onun passiv sosial tədbir olduğunu, aztəminatlı ailələrin yoxsulluqdan çıxmasına səbəb olmadığını bildirib: “Həmin ailələrin yoxsulluqdan çıxması üçün onların üzvlərinin məşğulluğu təmin edilməli, bunun üçün ilk növbədə məşğulluq imkanları araşdırılmalıdır. Təhlillər göstərir ki, sosial yardım alan ailələrin məşğulluq imkanları mövcuddur. 2016-cı ilin aprel ayının məlumatına görə, ölkəmizdə ünvanlı dövlət sosial yardımı alan ailələrin 70%-i Bakıdan kənarda yaşayan ailələrdir ki, onların da 75%-i torpaq pay mülkiyyətinə malikdir. Digər tərəfdən, sosial yardım alan ailələrin üzvlərinin təxminən yarısı 18 yaşından yuxarı olanlardır”.

Nazir müavini diqqətə çatdırıb ki, belə ailələrin özünüməşğulluğunun təmin edilməsi üçün aktiv məşğulluq tədbirlərinə cəlb olunmaları ölkədə işsizlik səviyyəsinin daha da azalmasına, əlavə iş yerlərinin yaradılmasına, ailə gəlirlərinin artırılmasına, əhalinin aztəminatlı qruplarının yoxsulluqdan çıxmasına və digər əhəmiyyətli nəticələrə imkan yarada bilər:

“Ona görə də biz nazirlik olaraq aztəminatlı ailələrlə bağlı aktiv sosial müdafiə tədbirlərinə daha üstünlük veririk”.- deyən İ.İsayev son illərdə özünüməşğulluğun təmin edilməsi sahəsində icra olunan pilot layihələrdən söz açıb. O qeyd edib ki, Göyçay və Şamaxı rayonlarında müəyyən kriteriyalar əsasında seçilmiş şəxslərin, o cümlədən bir qrup əlilliyi olan şəxsin öz bizneslərini yaratmaları üçün həyata keçirilən layihələr uğurla nəticələnib. Həmin insanlar müəyyən edilən istiqamətlər üzrə öz bizneslərini yaradaraq fəaliyyətlərini davam etdirməklə yanaşı, onların genişləndirilməsinə də nail olublar. “Artıq dövlətimiz belə ailələrin aktiv məşğulluq tədbirlərinə cəlb edilməsi üçün özünüməşğulluq proqramlarına start verib. Bu məqsədlə Azərbaycan Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 6 milyon manat vəsait ayrılıb və bu vəsait hesabına 2016-cı ildə ölkə üzrə təqribən 1400 ailənin özünüməşğulluq proqramlarına cəlb olunması nəzərdə tutulur. Növbəti ildə isə daha çox ailənin özünüməşğulluq proqramlarına cəlb olunması proqnozlaşdırılır”. İ.İsayev bildirib ki, bu proqramın icrası yönündə aparılacaq işləri qeyd edərək deyib: “Bununla da biz aztəminatlı ailələr üçün dayanıqsız passiv sosial təminat tədbirlərindən dayanıqlı aktiv məşğulluq proqramlarının tətbiqinə keçidi təmin edirik”.

İ.İsayev bildirib ki, əhalinin məşğulluğu səviyyəsi eyni zamanda sosial yükün əhali ilə dövlət arasında daşınma nisbətini müəyyənləşdirir. Bu, eyni zamanda sosial məsuliyyətin bölüşdürülməsi məsələsidir. Çıxışı zamanı qloballaşma şəraitində sosial problemlərin həllində sosial məsuliyyətin cəmiyyətin hər bir həlqəsi arasında düzgün bölüşdürülməsinin əhəmiyyətindən də bəhs edən nazir müavini “Ölkənin iqtisadi gücündən asılı olmayaraq dünyada elə bir ölkə yoxdur ki, həmin ölkədə sosial problemləri yalnız dövlət həll etsin. Bu problemin həlli üçün cəmiyyətin bütün həlqələrinin bu prosesdə aktiv iştirakı tələb olunur”-deyə vurğulayıb.

O, ölkədə həyata keçirilən sosial siyasətin cəmiyyətimizin bütün həlqələrini sosial biznesin yaradılmasına təşviq etdiyini, sosial biznesin inkişafa gedən yol olduğunu qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti