...

Həbsdə olan şairin yeri dəyişdirildi

Cəmiyyət Materials 24 İyun 2016 11:05 (UTC +04:00)
Hədə yolu ilə tələb etməkdə təqsirləndirilərək 10 il müddətinə azadlıqdan məhrum edilən şair Saday Şəkərli Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən apelyasiya şikayəti verib.
Həbsdə olan şairin yeri dəyişdirildi

Bakı. Samir Əli - Trend:

Hədə yolu ilə tələb etməkdə təqsirləndirilərək 10 il müddətinə azadlıqdan məhrum edilən şair Saday Şəkərli Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən apelyasiya şikayəti verib. Bu barədə Trend-ə açıqlamasında S.Şəkərlinin vəkili Fəxrəddin Mehtidev bildirib.

Vəkil qeyd edib ki, apelyasiya şikayəti Bakı Apelyasiya Məhkəməsinə təqdim edilib və şikayətdə ona bəraət istənilib.

Saday Şəkərli barəsində çıxarılan hökm qanuni qüvvəyə minməsə də, o artıq bir həftədir ki, saxlanıldığı 1 saylı Bakı İstintaq Təcridxanasından Penitensiar Xidmətin 15 saylı cəzaçəkmə müəssisəsinə köçürülüb.

Xatırladaq ki, ittiham aktına görə, Bakı şəhər sakini Saday Şəkərovun (Saday Şəkərli) külli miqdarda əmlak əldə etmək məqsədilə Vergilər Nazirliyinin vəzifəli şəxsi haqqında kütləvi informasiya vasitələrində ifşaedici, onu nüfuzdan salan, uydurma yazılar yazmaqla, barəsində rüsvayedici məlumatlar yayma hədəsi ilə tələb etdiyi 10 min manat məbləğində pulu almasında şübhələr üçün əsaslar olduğundan faktla bağlı Cinayət Məcəlləsinin 182.3.2-ci (külli miqdarda əmlakı hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanıb. S.Şəkərov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsində nəzərdə tutulan ittiham elan edilməklə, məhkəmənin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib. S.Şəkərli Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

Bu il may ayının 16-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Şəkərli 10 il müddətinə azadlıdqan məhrum edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti