...

Dəniz Akademiyasında “Açıq qapı günü”

Cəmiyyət Materials 9 Sentyabr 2016 15:28 (UTC +04:00)
Sentyabrın 9-da Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin Dəniz Akademiyasında “Açıq qapı günü” - yenicə tələbə adını qazanan gənclər və onların valideynləri ilə görüş keçirilib.
Dəniz Akademiyasında “Açıq qapı günü”

Bakı. Trend:

Sentyabrın 9-da Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin Dəniz Akademiyasında “Açıq qapı günü” - yenicə tələbə adını qazanan gənclər və onların valideynləri ilə görüş keçirilib. Akademiyadan Trend-ə verilən məlumata görə, görüşdə Gəmiçiliyin rəhbər işçiləri, donanma rəisləri, gəmi təmiri zavodlarının direktorları, Bakı Gəmiqayırma Zavodunun və Gəmiçiliyin alyans tərəfdaşı olan “Caspian Marine Services” şirkətinin nümayəndələri iştirak ediblər.

Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru Çingiz Əliyev görüşü açaraq, builki tələbə qəbulunun yekunları, Akademiyada tədrisin təşkili, tələbələr üçün yaradılan şərait barədə məlumat verdi.

Bildirdi ki, 2016-2017-ci tədris ili üçün müəyyən edilmiş qəbul planında nəzərdə tutulan 370 yerə 309 abituriyent daxil olub: "İlk dəfə olaraq onların sırasında 600-dən yuxarı bal toplayanlar da var. Bu, çox sevindirici haldır. Hazırda Dəniz Akademiyasında 1200-ə yaxın tələbə təhsil alır. Son iki ildə onların müvəffəqiyyət göstəriciləri (imtahanlardan uğurla keçənlərin sayı) 67,5 faizdən 80,45 faizə, keyfiyyət göstəriciləri isə (imtahanlardan “əla” və “yaxşı” qiymət alanların sayı) 13,5 faizdən 36,7 faizə yüksəlib. Bugün Akademiyada 63 tələbə əlaçıdır, əla və yaxşı oxuyanlar 305 nəfərdir.

Azərbaycan Dövlət Dəniz Akademiyasının beynəlxalq əlaqələri ildən-ilə genişlənir. Artıq 10 ölkədən 17 ali məktəb ilə əməkdaşlıq edilir. Onların sırasında Rusiya, Türkiyə, Polşa, Ukrayna, Latviya, Bolqarıstan və sair ölkələrin aparıcı dənizçilik universitetləri və akademiyaları var.

Sosial məsələlərə gəldikdə isə, tələbələr dərs vəsaitləri, yataqxana, geyim forması və gündə 2 dəfə isti yeməklə pulsuz təmin olunurlar. Bu, Gəmiçilik rəhbərliyi tərəfindən Akademiyanın qayğılarına və problemlərinə yaxından göstərilən diqqət, atılan əməli addımlar nəticəsində mümkün olub".

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC sədrinin birinci müavini Zamiq İsmayılov Xəzərdə ticarət gəmiçiliyinin və neft donanmasının tarixi, respublikamızda dəniz nəqliyyatının inkişafı, ölkə rəhbərliyinin Gəmiçilik qarşısında qoyduğu vəzifələr, strateji hədəflər barədə ətraflı söhbət açdı. Vurğuladı ki, Ulu Öndər Heydər Əliyev həm sovet dönəmində, həm də müstəqillik illərində dəniz nəqliyyatına böyük qaygı göstərib, prezident İlham Əliyevin diqqəti sayəsində bu sahədə struktur islahatları uğurla davam etdirilir, Gəmiçiliyin müasir standartlara uyğun çevik bir şirkətə çevrilməsi istiqamətində əhəmiyyətli addımlar atılır. Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi hazırda istər regionda, istərsə də bütövlükdə MDB məkanında texniki imkanlarına və maddi-texniki bazasına görə liderlər sırasındadır.

Z.İsmayılov yeni, müasir gəmilərin istismarında bilikli və mükəmməl savada malik kadrlara ehtiyac duyulduğunu söyləyərək xüsusi qeyd etdi ki, Akademiyanı müvəffəqiyyətlə bitirən məzunların əksəriyyəti Azərbaycan Xəzər Dəniz Gəmiçiliyində, Bakı Gəmiqayırma Zavodunda, bir sıra digər yerli və xarici şirkətlərdə çalışırlar.

Bu gün Gəmiçilikdə Akademiyanı müxtəlif vaxtlarda bitirmiş 790-a yaxın məzun işləyir, onların 274-ü rəhbər işçidir. Məzunlar nəinki Xəzərdə, həm də beynəlxalq sularda işləmək imkanına malikdirlər.

Z.İsmayılov birinci kursa daxil olmuş tələbələrə, bütövlükdə Dəniz Akademiyasının tələbə-müəllim heyətinə yeni tədris ilində uğurlar arzuladı, 500-600 baldan yuxarı nəticə göstərən 9 tələbəyə noutbuk təqdim etdi.

Bakı Gəmiqayırma Zavodunun baş direktor müavini İmanverdi Həsənov Xəzər hövzəsində ən böyük və müasir sənaye müəssisələrindən olan BGZ-də gənclərin karyera imkanlarından, iş şəraitindən, həyata keçirilən layihələrdən danışdı, bilikli mütəxəssislərə istehsalatda həmişə yer olduğunu vurğuladı.

Sonda gənclərin və valideynlərin sualları səsləndi, görüş iştirakçıları Dəniz Akademiyasının auditoriyaları və laboratoriyaları ilə tanış oldular.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti