...

Xidmət rəisi: Miqrantların hüquqlarının müdafiəsi üçün Azərbaycan bir sıra ölkələrlə sazişlər imzalayıb

Cəmiyyət Materials 21 Sentyabr 2016 12:41 (UTC +04:00)
Miqrantların və onların ailə üzvlərinin hüquqlarının müdafiəsinin təmin edilməsi məqsədilə Azərbaycan bir sıra ölkələrlə ikitərəfli və çoxtərəfli sazişlər imzalayıb.
Xidmət rəisi: Miqrantların hüquqlarının müdafiəsi üçün Azərbaycan bir sıra ölkələrlə sazişlər imzalayıb

Bakı. Trend:

Miqrantların və onların ailə üzvlərinin hüquqlarının müdafiəsinin təmin edilməsi məqsədilə Azərbaycan bir sıra ölkələrlə ikitərəfli və çoxtərəfli sazişlər imzalayıb. Enerji-nəqliyyat sahələrində beynəlxalq və regional layihələrin həyata keçirilməsi, Azərbaycanda mövcud olan ictimai-siyasi və iqtisadi sabitlik, biznes sahəsində əlverişli şəraitin yaradılması, yüksək templi iqtisadi inkişaf əcnəbilərin ölkəmizə axınına səbəb olan əsas amillərdir. Həmçinin ölkəmizdə tolerantlığın yüksək səviyyədə olması miqrasiya proseslərinə təsir edən heç də az əhəmiyyət kəsb etməyən amil kimi qeyd edilməlidir. Bbu günə qədər miqrantlara münasibətdə milli, etnik və dini zəmində hüquq pozuntusu qeydə alınmayıb. Bu xüsusda, biz qaçqın və miqrant dalğası fonunda islamofobiya meyillərinin artması və islam dininin zorakılıq və terrorçuluqla eyniləşdirilməsi cəhdləri ilə bağlı narahatlığımızı ifadə etmək istərdik.

Trend-in məlumatına görə, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev BMT Baş Assambleyasının “Qaçqın və miqrantların böyük axınının aradan qaldırılması” mövzusunda yüksək səviyyəli görüşü çərçivəsində “Qaçqın və miqrantlar, habelə köçürülmə ilə bağlı məsələlər üzrə beynəlxalq tədbirlər və əməkdaşlıq: qabaqdakı yol” adlı “dəyirmi masa”da çıxışında deyib.

F.Nəbiyev yeni dünya düzəninin diktə etdiyi obyektiv gerçəkliklər fonunda qloballaşma prosesinin bütün mütərəqqi cəhətləri ilə yanaşı, miqrasiyanın da çevik mexanizmlər əsasında idarə olunmasını aktual məsələlərdən birinə çevirdiyini deyib. O bildirib ki, bu gün miqrasiya proseslərinin düzgün şəkildə idarə olunması və bu proseslərin ölkənin iqtisadi maraqlarına uyğun tənzimlənməsi üçün müvafiq miqrasiya siyasətinin həyata keçirilməsi mühüm əhəmiyyət kəsb edir.

Xidmət rəisi cərəyan edən qloballaşma fonunda Azərbaycanın regionda gedən miqrasiya proseslərinə təsir etmək, ölkə ərazisinə olan miqrasiya axınlarını nəzarətdə saxlamaq və ölkə daxilində miqrasiya proseslərini yerli qanunvericiliyə uyğun idarə etmək və tənzimləmək üçün fəal miqrasiya siyasəti yeritdiyinə diqqət çəkib: "Bu gün dünyada qaçqın və məcburi köçkün problemi çox kritik bir həddə gəlib çatıb. Münaqişədən əziyyət çəkmiş ölkə kimi biz qaçqınların və məcburi köçkünlərin iztirablarını çox yaxşı başa düşürük. Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etməsi nəticəsində 700 mindən çox azərbaycanlı öz daimi yaşayış yerlərindən qovularaq məcburi köçkün düşüb. BMT Təhlükəsizlik Şurası tərəfindən işğal olunmuş ərazilərin Ermənistan silahlı qüvvələrindən azad edilməsi ilə bağlı 1993-cü ildə qəbul edilmiş 4 qətnamə təəssüf ki, icra olunmur. Qeyd etmək lazımdır ki, azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz torpaqlarına qayıtmaq imkanı verilməsinin zəruriliyi ilə bağlı beynəlxalq birliyin tələbinin yerinə yetirilməsi onların hüquqlarının hərtərəfli təminatı üçün olduqcа zəruridir. Beynəlxalq humanitar təşkilatlara, xüsusilə tariximizin çətin məqamında bizə dəstək olan BMT agentliklərinə, xüsusən də BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığına minnətdarlığımızı bildiririk”.

F.Nəbiyev deyib ki, məcburi köçkün düşmüş insanların sosial məişət problemlərinin həlli onların köçkündüşmə probleminin həlli demək deyildir: "Beynəlxalq ictimaiyyətin səyi ilə məcburi köçkündüşmə halları aradan qaldırılmalı, hərtərəfli ədalətli mövqe nümayiş etdirilməli, insanların sülh və təhlükəsizlik şəraitdə yaşaması təmin edilməlidir".

Müasir dünyada miqrasiya proseslərinin tənzimlənməsinin, miqrantların hüquqlarının qorunmasının ən aktual problemlərdən biri olduğunu vurğulayan xidmət rəisi əlavə edib ki, Azərbaycan üçün miqrasiya proseslərinin beynəlxalq normalara uyğun tənzimlənməsinin təmini, miqrantların və onların ailə üzvlərinin hüquqlarının müdafiəsi prioritet istiqamətlərdəndir. Bu gün üçün görülən tədbirlərin əsasən, ölkə daxilində miqrantların fəaliyyətinin leqallaşdırılmasına və qanuni miqrasiyanın təbliğinə yönəldiyini söyləyən F.Nəbiyev qeyd edib ki, qanuni miqrasiya bütün miqrantların və onların ailə üzvlərinin hüquqlarının tam qorunması üçün zəruridir.

F.Nəbiyev onu da əlavə edib ki, miqrasiya sahəsində əməkdaşlığa dair Türkiyə, Moldova, Qazaxıstan, Qırğızıstan, Ukrayna və Belarus ilə ikitərəfli sazişlər mövcuddur: "Hazırda bir neçə ölkə ilə də belə sazişlərin imzalanması gözlənilir. Miqrantların, o cümlədən digər ölkələrdə miqrant həyatı yaşayan Azərbaycan Respublikası vətəndaşlarının hüquqlarının müdafiəsi, sosial müdafiəsi, işə düzəlmə prosedurlarının asanlaşdırılması bu sazişlərin əsasını təşkil edir. Bundan əlavə, ölkəmiz Avropa İttifaqı və Norveç ilə imzaladığı readmissiya sazişləri çərçivəsində qanunsuz vəziyyətdə olan miqrantların geri qaytarılması həyata keçirilməklə, onların insan hüquqlarının müdafiəsi də təmin edilir. Bir sıra digər ölkələrlə də belə sazişlərin imzalanması istiqamətində işlər davam etdirilir".

BMT-nin “Bütün əməkçi miqrantlar və onların ailə üzvlərinin hüquqlarının qorunması haqqında” Konvensiyasına qoşulmuş Azərbaycan Respublikasının milli qanunvericiliyi Konvensiyanın tələblərinə tam uyğunlaşdırılması işini yekunlaşdırmaq üzrə olduğunu deyən xidmət rəisi vurğulayıb ki, bu da ölkəmizin miqrantların, əsasən də əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının təmini istiqamətində atdığı ən mühüm addımlardan biridir. O, miqrantlar üçün əsasən təyinat ölkəsi olan dövlətlərin həmin Konvensiyaya qoşulmasını bu kateqoriyadan olan böyük sayda miqrantların hüquqlarının pozulmasının qarşısının alınmasında xüsusi əhəmiyyətini də qeyd edib.

Dövlət Miqrasiya Xidmətinin rəisi çıxışının sonunda bildirib ki, miqrantların, xüsusilə qaçqın və məcburi köçkünlərin problemlərini həmrəylik, ksenofobiyaya qarşı mübarizə və birgə səylərlə həll etmək mümkündür. Həmçinin qaçqın və məcburi köçkün problemini yaradan səbəblərin aradan qaldırılması, münaqişələrin həll edilməsi üçün səylər gücləndirilməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti