...

Saday Şəkərli ciddi rejimli cəzaçəkmə müəssisəsinə köçürüldü

Cəmiyyət Materials 22 Sentyabr 2016 18:04 (UTC +04:00)
Hədə yolu ilə pul tələb etməkdə təqsirləndirilərək həbs olunan yazıçı-şair Saday Şəkərlinin müalicəsi başa çatıb.
Saday Şəkərli ciddi rejimli cəzaçəkmə müəssisəsinə köçürüldü

Bakı. Samir Əli - Trend:

Hədə yolu ilə pul tələb etməkdə təqsirləndirilərək həbs olunan yazıçı-şair Saday Şəkərlinin müalicəsi başa çatıb.

Bu barədə Trend-ə S.Şəkərlinin vəkili Fəxrəddin Mehtiyev məlumat verib.

Vəkil bildirib ki, S.Şəkərli Penitensiar Xidmətin Müalicə müəssisəsindən 15 saylı Ciddi rejimli cəzaçəkmə müəssisəsinə köçürülüb: "Lakin ailəsi onun həmin müəssisəyə köçürülməsinə etiraz edib. Çünki Saday Şəkərli qanunvericiliyə görə ümumi rejimli cəzaçəkmə müəssisəsinə köçürülməli və cəzasını orada çəkməlidir. Sadayın həyat yoldaşı bununla bağlı Ədliyyə Nazirliyinə müraciət edib. Yəqin ki, yaxın günlərdə müraciətə baxılacaq və o, ümumi rejimli müəssisəyə köçürüləcək".

Vəkil qeyd edib ki, o, S.Şəkərlinin 5 il müddətinə həbs edilməsi ilə bağlı Bakı Apelyasiya Məhkəməsinin qərarından kasasiya şikayəti verib. Hələlik şikayətə baxılacaq vaxt açıqlanmayıb.

Qeyd edək ki, Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumatda bildirilirdi ki, Bakı şəhər sakini Saday Şəkərovun (Saday Şəkərli) külli miqdarda əmlak əldə etmək məqsədilə Vergilər Nazirliyinin vəzifəli şəxsi haqqında kütləvi informasiya vasitələrində ifşaedici, onu nüfuzdan salan, uydurma yazılar yazmaqla, barəsində rüsvayedici məlumatlar yayma hədəsi ilə tələb etdiyi 10 min manat məbləğində pulu almasında şübhələr üçün əsaslar olduğundan faktla bağlı Cinayət Məcəlləsinin 182.3.2-ci (külli miqdarda əmlakı hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanıb. S.Şəkərov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsində nəzərdə tutulan ittiham elan edilməklə, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S. Şəkərli 10 il müddətinə azadlıqdan məhrum edilsə də, Bakı Apelyasiya Məhkəməsi hökmü dəyişdirərək onun cəzasını 5 ilə endirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti