...

Masallıda gənclərin və qadınların məşğulluğuna dəstək üçün SYSLAB mərkəzi açılıb (FOTO)

Cəmiyyət Materials 6 Oktyabr 2016 13:17 (UTC +04:00)
Masallı rayonunda gənclərin və qadınların məşğulluğuna dəstək məqsədilə SYSLAB Təlim-Tədris Mərkəzinin və Qadın Resurs Mərkəzinin açılışı olub.
Masallıda gənclərin və qadınların məşğulluğuna dəstək üçün SYSLAB mərkəzi açılıb (FOTO)

Bakı. Trend:

Masallı rayonunda gənclərin və qadınların məşğulluğuna dəstək məqsədilə SYSLAB Təlim-Tədris Mərkəzinin və Qadın Resurs Mərkəzinin açılışı olub.

Bu barədə Trend-ə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilir ki, ƏƏSMN-nin və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin BMT İnkişaf Proqramı ilə əməkdaşlığı çərçivəsində Masallı rayonunda SYSLAB Təlim-Tədris Mərkəzinin və Qadın Resurs Mərkəzinin açılışı olub.

Tədbiri giriş sözü ilə açan Masallı rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov regionların inkişafı proqramı çərçivəsində rayonda sosial-iqtisadi inkişafın təmin olunması məqsədilə aparılan işlərdə məşğulluğun təminatının diqqətdə saxlanıldığını bildirib. O bu sahədə həyata keçirilən tədbirlər barədə məlumat verib, yeni açılan mərkəzlərin gənclərin və qadınların məşğulluğunun dəstəklənməsində əhəmiyyətindən bəhs edib.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev gənclərin məşğulluğuna və iqtisadi inkişaf proseslərində fəal iştirakına şərait yaradılmasının Azərbaycan Prezidenti cənab İlham Əliyevin sosial-iqtisadi inkişaf kursunun əsas komponentlərindən biri olduğunu vurğulayıb. Nazir müavini bildirib ki, respublikamızda gənclərlə bağlı icra olunan mühüm Dövlət Proqramları, eyni zamanda dövlət məşğulluq siyasəti gənclərin məşğulluq imkanlarının genişləndirilməsi istiqamətində mühüm addımların atılmasına imkan yaradıb: “Bu gün Azərbaycan gənclər arasında işsizliyin ən aşağı səviyyədə olduğu ölkələrdən biridir. Beynəlxalq Əmək Təşkilatının (BƏT) rəsmi saytında gənclərin səmərəli məşğulluğunun təmin olunması üzrə dolğun hüquqi bazası, iş təcrübəsi təqdim olunan ölkələr sırasına Azərbaycan da daxil edilib. Cari ilin may ayında BƏT-in beynəlxalq səviyyəli konfransı çərçivəsində təşkil olunan müsabiqədə ölkəmiz gənclərin məşğulluğunun dəstəklənməsi sahəsində MDB üzrə ən yaxşı iş təcrübəsi ilə seçilərək birinci yerə layiq görülüb, nümayəndə heyətimizə BƏT-in Diplomu təqdim olunub”.

Ölkə gəncləri arasında iqtisadi fəallıq göstəricisinin də yüksəlməkdə olduğunu qeyd edən İ.İsayev bildirib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilən aktiv məşğulluq tədbirlərinin mühüm bir istiqaməti gəncləri əhatə edir: “Cari ilin ötən dövründə də nazirliyin məşğulluq orqanlarının xətti ilə münasib işlərlə təmin edilənlərin təqribən 35 faizi, peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilənlərin 65 faizi gənclərdən ibarət olub. Eləcə də 2013-cü ilin dekabrında fəaliyyətə başlayan Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzində ötən dövrdə 870 nəfərdən çox gənc peşə hazırlığına cəlb olunub. Gənclərə peşəyönümü məsləhətlərinin verilməsi istiqamətində tədbirlər də davam etdirilir. Pedoqoji işçilər və valideynlərlə birgə təşkil olunan bu tədbirlər gənclərin düzgün peşə seçiminə, bununla gələcəkdə əmək bazarında fəal iştirak edə bilmələrinə yönəlib”.

İ.İsayev gənclərlə bağlı aktiv məşğulluq tədbirlərinin təşkilində müasir dünya təcrübəsinə uyğun innovativ vasitələrdən istifadə olunduğunu vurğulayıb: “BMT İnkişaf Proqramı ilə nazirlik arasında son illərdə icra olunan “Azərbaycanda İnnovasiyanın və Məşğulluğun İnkişafı” layihəsi gənclərin əmək bazarına inteqrasiyasında SYSLAB (Yenilik və Məşğulluq üzrə Sistem Laboratoriyası) metodologiyasının tətbiqinə imkan verib. Layihəyə əsasən, Bakı, Sumqayıt və Gəncə şəhərlərində SYSLAB Təlim-Tədris Mərkəzləri yaradılıb və ilk dəfə işaxtaran ali təhsilli 452 nəfər gənc həmin mərkəzlərdə təlim kurslarına cəlb edilib. Onlar bu təlimlər zamanı müasir üsullar, innovativ metodlar əsasında iş axtarışı bacarıqlarına yiyələnib. Həmin gənclərdən 80 faizə yaxını bu bacarıqlardan faydalanaraq, ayrı-ayrı müəssisələrdə münasib işlərlə təmin olunublar”.

İ.İsayev bildirib ki, bu müsbət təcrübə cari ilin aprelində BMT İnkişaf Proqramı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında növbəti “Azərbaycanda İnnovasiyanın və Məşğulluğun İnkişafı” layihəsinin imzalanmasına əsas yaradıb: “2017-ci ilin sonuna qədər davam edəcək həmin layihə çərçivəsində hazırda Masallı rayonunda SYSLAB Təlim-Tədris Mərkəzi fəaliyyətə başlayır. Mərkəzdə təşkil olunan təlim kursları işaxtaran gənclərin SYSLAB metodologiyası əsasında müvafiq bacarıqlara yiyələnərək əmək bazarına çıxış imkanları əldə etmələrinə öz töhfəsini verəcək. Təlim kurslarında iştirakçılar üçün xüsusi ehtiyacları nəzərə alınmaqla müvafiq köməyin göstərilməsi üçün fərdi sessiyaların keçirilməsi də təmin olunacaq”.

İ.İsayev Masallı rayonunda yeni yaradılan Qadın Resurs Mərkəzinin də bölgədə qadınların iqtisadi və sosial həyatda iştirakının stimullaşdırılmasında, onların əmək bazarına inteqrasiyasında və məşğulluq imkanlarının reallaşdırılmasında əhəmiyyətli olacağını bildirib, hər iki mərkəzin fəaliyyətinə uğurlar arzulayıb.

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi və BMT İnkişaf Proqramının rezident nümayəndəsi Qulam İsakzai Azərbaycanla təmsil etdiyi qurum arasında səmərəli əməkdaşlığın uğurla davam etdiyini bildirib. Q.İsakzai gənclərin və qadınların sosial-iqtisadi həyatda fəal iştirakının ölkənin kənd rayonlarında inklüziv və davamlı inkişaf üçün vacib olduğunu, bu sahədə ölkəmizdə aparılan işlərdə yeni yaradılan bu mərkəzlərin fəal rol oynayacağına əminliyini ifadə edib. O, uğurlu əməkdaşlıq üçün tərəfdaşlara minnətdarlığını bildirib, aparılan birgə işlərin bütün tərəflərin BMT-nin Davamlı İnkişaf Məqsədlərinə möhkəm sadiqliyini sübut etdiyini vurğulayıb.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova qadın və uşaqların sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması üçün aparılan dövlət siyasətindən bəhs edib. O, kənd və rayonlarda yaşayan qadınların sosial-iqtisadi fəallığının artırılması məqsədilə həyata keçirilən tədbirləri, o cümlədən BMT İnkişaf Proqramı ilə əməkdaşlıq müstəvisində görülən işləri diqqətə çatdırıb. S.Qəhrəmanova bölgələrdə Qadın Resurs Mərkəzlərinin yaradılmasının regionlarda qadınların iqtisadi və sosial həyatda iştirakının təşviqində mühüm rol oynadığını, Masallı rayonunda açılan yeni Qadın Resurs Mərkəzinin də bu sahədə öz töhfəsini verəcəyinə ümidvar olduğunu bildirib.
ABŞ-ın Azərbaycandakı səfirliyinin iqtisadi şöbəsinin rəhbəri Karter Uilbur belə tədbirlərin gənclərin və qadınların məşğulluğunun təmin olunmasında, ümumən sosial-iqtisadi həyatda fəal iştirak etmələrində önəmli dəstək olduğunu vurğulayıb.

Tədbirdə artıq iş yeri əldə etmiş SYSLAB layihəsi məzunlarına sertifikatlar verilib. Qadın Resurs Mərkəzlərinin iştirakçısı olan qadınların biznes fəaliyyətinə dair nümunələr təqdim olunub. Layihələr üzrə qısa təqdimatlar edilib, hər iki mərkəzdə yaradılmış şəraitə baxış olub. Tədbir Masallı rayonunda ASAN Həyat Kompleksinin və ABAD layihəsinin təqdimatları ilə başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti