Bakı. Samir Əli - Trend:
Hədə yolu ilə pul tələb etməkdə təqsirləndirilərək həbs olunan yazıçı-şair Saday Şəkərli ümumi rejimli cəzaçəkmə müəssisəsinə köçürülüb.
Bu barədə Trend-ə S.Şəkərlinin vəkili Fəxrəddin Mehtiyev məlumat verib.
Vəkil bildirib ki, S.Şəkərli Penitensiar Xidmətin 15 saylı ciddi rejimli cəzaçəkmə müəssisəsindən 6 saylı ümumi rejimli cəzaçəkmə müəssisəsinə köçürülüb: "Saday Şəkərli 1 saylı Bakı İstintaq Təcridxanasından 15 saylı cəzaçəkmə müəssisəsinə köçürülmüşdü. Ora ciddi rejimlidir. Amma Bakı Apelyasiya Məhkəməsi onun cəzasını 10 ildən 5 ilə endirərkən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsinə qərar verilmişdi. Buna baxmayaraq, o, ümumi rejimli cəzaçəkmə müəssisəsinə köçürülməmişdi. Ailəsi onun həmin müəssisəyə köçürülməsinə etiraz olaraq Ədliyyə Nazirliyinə müraciət etmişdi. Müraciətə müsbət cavab verilib və o, Penitensiar Xidmətin 6 saylı cəzaçəkmə müəssisəsinə köçürülüb".
Vəkil qeyd edib ki, o, S.Şəkərlinin 5 il müddətinə həbs edilməsi ilə bağlı Bakı Apelyasiya Məhkəməsinin qərarından kasasiya şikayəti verib və təqsirləndirilən şəxsə bəraət istəyib. Hələlik şikayətə baxılacaq vaxt açıqlanmayıb.
Qeyd edək ki, Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumatda bildirilirdi ki, Bakı şəhər sakini Saday Şəkərovun (Saday Şəkərli) külli miqdarda əmlak əldə etmək məqsədilə Vergilər Nazirliyinin vəzifəli şəxsi haqqında kütləvi informasiya vasitələrində ifşaedici, onu nüfuzdan salan, uydurma yazılar yazmaqla, barəsində rüsvayedici məlumatlar yayma hədəsi ilə tələb etdiyi 10 min manat məbləğində pulu almasında şübhələr üçün əsaslar olduğundan faktla bağlı Cinayət Məcəlləsinin 182.3.2-ci (külli miqdarda əmlakı hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanıb. S.Şəkərov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsində nəzərdə tutulan ittiham elan edilməklə, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Şəkərli 10 il müddətinə azadlıqdan məhrum edilsə də, Bakı Apelyasiya Məhkəməsi hökmü dəyişdirərək onun cəzasını 5 ilə endirib.