...

Saday Şəkərlinin kassasiya şikayətinə baxacaq hakim məlum oldu

Cəmiyyət Materials 13 Oktyabr 2016 20:00 (UTC +04:00)
Hədə yolu ilə pul tələb etməkdə təqsirləndirilərək həbs olunan yazıçı-şair Saday Şəkərlinin Bakı Apellyasiya Məhkəməsinin qərarından verdiyi kassasiya şikayəti icraata götürülüb.
Saday Şəkərlinin kassasiya şikayətinə baxacaq hakim məlum oldu

Bakı. Samir Əli - Trend:

Hədə yolu ilə pul tələb etməkdə təqsirləndirilərək həbs olunan yazıçı-şair Saday Şəkərlinin Bakı Apellyasiya Məhkəməsinin qərarından verdiyi kassasiya şikayəti icraata götürülüb. Bu barədə Trend-ə S.Şəkərlinin vəkili Fəxrəddin Mehtiyev məlumat verib.

Vəkil bildirib ki, kassasiya şikayətində S.Şəkərliyə bəraət verilməsi və azadlığa buraxılması göstərilib: "Bakı Apellyasiya Məhkəməsi bizim şikayətimizi qismən təmin edib S.Şəkərlinin cəzasını 10 ildən 5 ilə endirmişdi. Lakin, biz şikayətdə bəraət istəmişdik. Ona görə də, Bakı Apellyasiya Məhkəməsinin qərarından kassasiya şikayəti vermişdik. Artıq şikayət Ali Məhkəmədə hakim Əli Seyfəliyevin icratına verilib. Amma hələlik şikayətə baxılacaq vaxt məlum deyil".

Qeyd edək ki, Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumatda bildirilirdi ki, Bakı şəhər sakini Saday Şəkərovun (Saday Şəkərli) külli miqdarda əmlak əldə etmək məqsədilə Vergilər Nazirliyinin vəzifəli şəxsi haqqında kütləvi informasiya vasitələrində ifşaedici, onu nüfuzdan salan, uydurma yazılar yazmaqla, barəsində rüsvayedici məlumatlar yayma hədəsi ilə tələb etdiyi 10 min manat məbləğində pulu almasında şübhələr üçün əsaslar olduğundan faktla bağlı Cinayət Məcəlləsinin 182.3.2-ci (külli miqdarda əmlakı hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanıb. S.Şəkərov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsində nəzərdə tutulan ittiham elan edilməklə, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Şəkərli 10 il müddətinə azadlıqdan məhrum edilsə də, Bakı Apelyasiya Məhkəməsi hökmü dəyişdirərək onun cəzasını 5 ilə endirib. Müdafiə tərəfi isə qərarla razılaşmayıb kassasiya şikayəti vermişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti