Bakı. Samir Əli-Trend:
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilərək həbs edilən Əziz Kərimzadənin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Trend-in məlumatına görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə şahidlər dindirilib.
Şahid Sahil Heydərov deyib ki, Ə.Kərimzadə onun məhkəmə işinə vəkil kimi çıxıb və ondan heç bir şikayəti yoxdur.
Prosesdə iş üzrə zərərçəkmiş kimi tanınan 5 nəfərdən 3-ü şikayətçi olduğunu bildirib. Şahid kimi tanınan Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşının İlkin Mehdiyevin məhkəməyə məcburi gətirilməsi barədə qərar çıxarılıb. Ə.Kərimzadə deyib ki, ittihamda qeyd olunan pulun bir qismini İ.Mehdiyev mənimsəyib və istintaqa yalan ifadə verdiyi üçün prosesə gəlmir.
Məhkəmə prosesi oktyabrın 26-də davam etdiriləcək.
Qeyd edək ki, Ə.Kərimzadə tanınmış yazıçı Fərman Kərimzadənin oğludur.
İttihama görə, Əziz Kərimzadə dələduzluq yolu ilə 4 vətəndaşdan 60 min manatdan artıq pul alıb. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham edilir. Bakı şəhəri 3 saylı Hüquq Məsləhətxanasının vəkili olmuş Əziz Kərimzadə ilk dəfə 2012-ci ilin avqust ayında həbs edilib. Bakı sakini Elçin Dadaş oğlu Muradov Səbail rayon Polis İdarəsinin 9-cu bölməsinə müraciət edərək bildirib ki, özünü vəkil kimi təqdim edən Əziz Fərman oğlu Kərimzadə onun 12 min manat pulunu mənimsəyib. 2012-ci ilin noyabr ayının 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində Əziz Kərimzadə və onun tanışı Azər Qurbanov 3 il müddətinə şərti azadlıqdan məhrum edilib və məhkəmə zalından azadlığa buraxılıblar. Məhkəmə hökm zamanı təqsirləndirilən şəxslərin dəymiş ziyanı ödəmələrini yüngülləşdirici hal kimi qiymətləndirib.