Bakı. Samir Əli - Trend:
Hədə yolu ilə pul tələb etməkdə təqsirləndirilərək həbs olunan yazıçı-şair Saday Şəkərlinin səhhəti saxlanıldığı cəzaçəkmə müəssisəsində yenidən pisləşib. Bu barədə Trend-ə açıqlamasında S.Şəkərlinin vəkili Fəxrəddin Mehtiyev məlumat verib.
Vəkil bildirib ki, S.Şəkərli yenidən Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsinə köçürülüb və o, həkim nəzarətində saxlanılır.
Qeyd edək ki, S.Şəkərli şəkər xəstəliyindən əziyyət çəkir. O, istintaq dövründə də saxlanıldığı 1 saylı Bakı İstintaq Təcridxanasında səhhətində problem yarandığı üçün Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsinə köçürülmüşdü və bir neçə ay orada müalicə olunmuşdu.
S.Şəkərlinin Bakı Apellyasiya Məhkəməsinin qərarından verdiyi kassasiya şikayətinə gəlincə isə vəkil bildirib ki, şikayət Ali Məhkəmənin hakimi Əli Seyfəliyevin icraatına verilsə də, hələlik şikayətə baxılacaq vaxt məlum deyil.
Qeyd edək ki, Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumatda bildirilirdi ki, Bakı şəhər sakini Saday Şəkərovun (Saday Şəkərli) külli miqdarda əmlak əldə etmək məqsədilə Vergilər Nazirliyinin vəzifəli şəxsi haqqında kütləvi informasiya vasitələrində ifşaedici, onu nüfuzdan salan, uydurma yazılar yazmaqla, barəsində rüsvayedici məlumatlar yayma hədəsi ilə tələb etdiyi 10 min manat məbləğində pulu almasında şübhələr üçün əsaslar olduğundan faktla bağlı Cinayət Məcəlləsinin 182.3.2-ci (külli miqdarda əmlakı hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanıb. S.Şəkərov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsində nəzərdə tutulan ittiham elan edilməklə, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Şəkərli 10 il müddətinə azadlıqdan məhrum edilsə də, Bakı Apelyasiya Məhkəməsi hökmü dəyişdirərək onun cəzasını 5 ilə endirib. Müdafiə tərəfi isə qərarla razılaşmayaraq kassasiya şikayəti verib.