...

Xaçmazın 7 kəndinə içməli su verilib (FOTO)

Cəmiyyət Materials 26 Dekabr 2016 16:00 (UTC +04:00)
Xaçmazın 7 kəndini əhatə edən içməli su layihəsinin icrası yekunlaşıb və yaşayıç məntəqlərinə suyun verilməsinə başlanılıb.
Xaçmazın 7 kəndinə içməli su verilib  (FOTO)

Bakı. Trend:

Xaçmazın 7 kəndini əhatə edən içməli su layihəsinin icrası yekunlaşıb və yaşayıç məntəqlərinə suyun verilməsinə başlanılıb.

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə,
rayonun Qaradağlı və Gülalan kəndlərində keçirilən açılış mərasimlərində Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının müavini Bəxtiyar Osmanov bölgələrdə həyata keçirilən infrastruktur layihələrinin əhəmiyyətindən danışıb, ölkə rəhbərliyinin şəhər və rayon mərkəzləri ilə yanaşı, kəndlərin də içməli su təchizatının yaxşılaşdırılmasını daim diqqətdə saxladığını vurğulayıb.

“Azərsu” ASC-nin “Birləşmiş Sukanal” MMC direktorunun müavini Ramin Sadıqov kənd yaşayış məntəqələrinin içməli suya olan tələbatının ödənilməsi məqsədi ilə respublikada həyata keçirilən layihələr barədə məlumat verib və bu tədbirlərin gələcəkdə də davam etdiriləcəyini diqqətə çatdırıb.

Tədbirdə çıxış edən kənd sakinləri indiyədək içməli suyu böyük çətinliklərlə uzaq məsafədən gətirdiklərini və quyu sularından istifadə etdiklərini vurğulayıblar. Sakinlər içməli su probleminin həllinə göstərilən dəstəyə görə minnətdarlıqlarını bildiriblər.

Layihə çərçivəsində Qaradağlı, Alıcqışlaq, Çiləgir, Manaf-Oba, Seyidlər, Aşağı Ləgər və Gülalan kəndlərində içməli su təchizatı sistemləri yaradılıb. Həmin kəndlərdə müxtəlif diametrli borularla 14 km içməli su xətti çəkilib, bulaqlar quraşdırılıb. Hazırda Xaçmaz rayonunun Gülalan, Aşağı Ləgər, Alıcqışlaq, Manaf-Oba və Seyidlər kəndlərinə içməli su artezian quyuları, Qaradağlı və Çiləgir kəndlərinə isə II Bakı Su Kəmərindən verilir. Yeni layihənin icrasından Xaçmaz rayonunun 7 kəndinin 4600-dək sakini faydalanıb.

Ağsu rayonunun Elabad və Yenilik, Şabran rayonunun Təzəkənd və Dəvəçi, Hacıqabul rayonunun Navahı və İsmayıllı rayonunun Kürdmaşı kəndlərində də layihələrin icrasına qərar verilib. Artıq Elabad və Yenilik kəndlərində layihələrin icrası başa çatıb, Şabran rayonunun Təzəkənd və İsmayıllı rayonunun Kürdmaşı kəndlərində işlər yekunlaşma ərəfəsindədir. Şabran rayonunun Dəvəçi və Hacıqabul rayonunun Navahı kəndlərində layihələrin icrası davam etdirilir.

Ümumilikdə 5 rayonun 13 kəndində 30 km-dən artıq su xəttinin çəkilməsi nəzərdə tutulur. Bu layihələrdən həmin kəndlərin 6200-dək sakini faydalanacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti