Bakı. Trend:
Görülmüş müsbət işlərə baxmayaraq cinayət işlərinin istintaqı və ibtidai araşdırmaya prosessual rəhbərliyin həyata keçirilməsində qüsurlar hələ də qalmaqdadır, cinayət-prosessual qanunvericiliyin tələblərinin, təqsirləndirilən şəxslərin müdafiə hüquqlarının pozulması, əsassız prosessual qərarların qəbul edilməsi hallarına yol verilir.
Trend-in məlumatına görə, bu barədə bu gün Baş Prokurorluqda keçirilən Kollegiya iclasında bildirilib.
Qeyd olunub ki, istintaq işinin düzgün təşkilinə cavabdeh olan sahəvi qurumların rəhbərləri tərəfindən həbs qətimkan tədbirinin seçilməsi və həbsdə saxlama müddətlərinin uzadılması kimi mühüm prosessual hərəkətlərin icrası zamanı qanunvericiliyin tələblərinə dönmədən əməl olunması, istintaq işinin keyfiyyətinin və ibtidai araşdırmaya prosessual rəhbərliyin zəruri tələblər səviyyəsində təşkili üçün ciddi təminatlar yaradan Baş Prokurorluq üzrə “Prokurorun ibtidai araşdırmaya prosessual rəhbərliyinin səmərəliliyinin artırılması, istintaq və təhqiqat üzərində nəzarətinin gücləndirilməsi və bu sahədə işin daha da təkmilləşdirilməsi haqqında” əmrin tələblərinə qeyd-şərtsiz əməl olunması istiqamətində zəruri tədbirlərin görülməsi məqsədilə konkret tapşırıqlar verilib.