...

"Şamaxinka"da tıxacın aradan qaldırılması üçün DƏYİŞİKLİKLƏR edildi (FOTO/VİDEO)

Cəmiyyət Materials 7 Fevral 2017 14:34 (UTC +04:00)
“Şamaxinka” deyilən əraziyə girişdə avtonəqliyyat vasitələrinin hərəkətində müəyyən dəyişikliklər edilib.
"Şamaxinka"da tıxacın aradan qaldırılması üçün DƏYİŞİKLİKLƏR edildi (FOTO/VİDEO)

Bakı. Trend:

Bakı şəhərində avtonəqliyyat vasitələlərinin sıxlığını azaltmaq məqsədilə “Azəravtoyol” ASC tərəfindən aparılan kompleks tədbirlər çərçivəsində Moskva prospektinin köməkçi yolunda, Bakı-Sumqayıt yolundan “Şamaxinka” deyilən əraziyə girişdə avtonəqliyyat vasitələrinin hərəkətində müəyyən dəyişikliklər edilib, yolun genişləndirilməsi işləri aparılırb.

ASC-dən Trend-ə verilən məlumata görə, xüsusən günün pik saatlarında sözügedən əraziyə avtonəqliyyat vasitələrinin həm Bakı Dairəvi-1 avtomobil yolundan, həm də Sumqayıt şəhəri istiqamətindən daxil olması və bir-çox hallarda sürücülərin avtomobili nizamsız şəkildə idarə etməsi hərəkətin iflic olmasına səbəb olur. Sıxlığın, o cümlədən hər iki istiqamətdən daxil olan avtonəqliyyat vasitələrinin bir-birinin hərəkətinə mane olmasının qarşısını almaq məqsədilə prospektin köməkçi yolundakı sağ kənar zolaq sırf Bakı Dairəvi-1 avtomobil yolundan gələn avtomobillər üçün ayrılıb. Sağ kənar zolağı digər iki zolaqdan ayırmaq üçün yola dəmir-beton maneələr düzülüb.

Meneələr tunelin üzərində yerləşən birinci geri dönməyə qədər düzülüb. Bununla da dairəvi yoldan gələn avtonəqliyyat vasitələri məcburi şəkildə ancaq tunelin üzərindəki ikinci geri dönmə hissədən istifadə edərək geriyə hərəkət edə bilirlər. Təbii ki, düzünə, “20 Yanvar” dairəsinə doğru da maneəsiz şəkildə hərəkət təmin olunub. Nəticədə Sumqayıt şəhəri istiqamətindən gələn avtonəqliyyat vasitələri ilə dairəvi yoldan çıxan avtomobillərin həmin ərazidə kəsişməsi aradan qaldırılaraq tıxac müəyyən qədər azaldılıb.

“Şamaxinka” ərazisində edilən daha bir dəyişiklik yolun genişləndirilməsi ilə bağlıdır. Belə ki, yol sağa doğru 3-4 metr enində genişləndirilib. Genişləndirilmə 550 metrlik ərazini əhatə edir. Genişləndirmə işləri nəticəsində yolda əlavə daha bir hərəkət zolağı yaranıb. Bu da öz növbəsində, sözügedən ərazidə sıxlığın qarşısını almaq üçün müsbət addım hesab olunur. Genişləndirmə işləri çərçivəsində yol kənarında olan yüksək gərginlikli elektrik xətti və dirəyi demontaj olunaraq yeri dəyişdirilib.

Genişləndirmə işləri ilkin mərhələdə Moskva prospektinin Bakı Dairəvi-1 avtomobil yolu ilə kəsişməsindən ikinci geri dönmə hissəsinədək (tunelin sonunadək) aparılıb. Sözügedən işlər çərçivəsində 2-ci Alatava küçəsi ilə kəsişmədə yerləşən avtobus dayanacağının da yeri 4-5 metr genişləndirilərək xüsusi cibli hissə yaradılıb. Bununla da avtobuslar ümumi hərəkətə maneə yaratmadan dayanacağa girib-çıxa bilirlər. Bu da öz növbəsində, həmin ərazidə sıxlığın azalmasına gətirib çıxarıb.

Ərazidə tıxacların aradan qaldırılması üçün ediləcək daha bir yenilik yaxın zamanlarda yerüstü piyada keçidinin tikintisidir. Piyada keçidinin tikintisi ilə həm avtonəqliyyat vasitələrinin normal və maneəsiz hərəkəti təmin olunacaq, həm də vətəndaşların avtomobil yolunu rahat və təhlükəsiz şəkildə keçməsi mümkün olacaq.

Yenidənqurma işlərinin aparıldığı ərazidə hərəkətin normal təşkili üçün zəruri olan yol nişanları quraşdırılıb, yolun üfiqi nişanlanması işləri aparılıb. Bundan başqa, piyadaların avtomobil yolunu kortəbii şəkildə keçməsinin qarşısını almaq məqsədilə əraziyə xüsusi xəbərdaredici nişanlar quraşdırılıb.

Sadalanan dəyişikliklər Moskva prospektinin bu ərazisində tıxacların aradan qaldırılması istiqamətində atlmış müsbət addımlar hesab etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti