Bakı. Trend:
Bu gün Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə “Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: İslam həmrəyliyi bizə nə verir?” adlı növbəti Beynəlxalq multikulturalizm qış məktəbi fəaliyyətə başlayıb.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Şəkidə tləbələrə “İslam həmrəyliyi bizə nə verir? Azərbaycan – tolerantlıq yurdu” mövzusunda videoçarx təqdim ediləcək. Videoçarx vasitəsilə tələbələrə məlumat veriləcək ki, müasir dünyanın dini və məzhəb zəminində baş verən münaqişələrlə üzləşdiyi bir zamanda Azərbaycan milli həmrəyliyin qurulmasına nail olaraq dünyada tolerantlıq yurdu kimi tanınıb. Müxtəlif sivilizasiyaların və mədəniyyətlərin qovuşduğu, Şərq və Qərbin kəsişməsində yerləşən Azərbaycan dünyanın ən tolerant və multikultural ölkələrindən biridir. Videoçarxda Azərbaycanın dünyada tolerantlığı və mədəni müxtəlifliyi təbliğ edən bir sıra beynəlxalq tədbirlərə, o cümlədən Ümumdünya Mədəniyyətlərarası Dialoq, Bakı Beynəlxalq Humanitar forumlarına, Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumuna, Ümumdünya Şahmat Olimpiadası, I Avropa Oyunları, “Formula-1”Avropa Qran-prisi kimi mötəbər idman yarışlarına ev sahibliyi etdiyi, həmçinin “2017 İslam Həmrəyliyi Oyunları”nın da Bakıda keçiriləcəyi öz əksini tapıb.
Video süjetdə Ulu öndər Heydər Əliyevə istinad edilərək Azərbaycan xalqının özlüyündə, mahiyyətcə, öz xarakterinə görə yüksək tolerantlıq hissinə malik olduğu qeyd edilir. Təqdimatda Prezident İlham Əliyevin 2016-cı ili ölkəmizdə “Multikulturalizm ili”, 2017-ci ili isə “İslam həmrəyliyi ili” elan etməsi multikulturalizmin və tolerantlığın Azərbaycanın dövlət siyasətində aparıcı xətt olmasının sübutu kimi dəyərləndirilib. Təqdimatdan sonra xarici tələbələr üçün Şəkidəki Marxal otelində “Xoşgəldiniz” axşamı təşkil ediləcək.
Qeyd edək ki, 13-20 fevral 2017-ci il tarixində keçiriləcək IV Beynəlxalq Multikulturalizm qış məktəbində Azərbaycanla yanaşı, Portuqaliya, İtaliya, Almaniya, Rusiya, Çexiya, Bolqarıstan, Litva, İsrail, ABŞ, Makedoniya, Yunanıstan, Vyetnam, Gürcüstan, Qazaxıstan, Misir, Polşa, İordaniya və Rumıniyanın tanınmış universitetlərində təhsil alan tələbələr iştirak edəcəklər. IV Beynəlxalq multikulturalizm məktəbi ərzində yerli mütəxəssislər və xarici alimlərin təqdimatında ölkəmizdəki milli və dini müxtəliflik, islam həmrəyliyinin vacibliyi, Azərbaycan multikulturalizmi fənninin xaricdə tədrisi, Azərbaycanın multikulturalizm siyasəti mövzusunda mühazirələr dinləniləcək, ölkəmizin multikultural və çoxkonfessiyalı unikal məkanlarına səfərlər, görkəmli dövlət və din xadimləri, eləcə də ölkəmizdə yaşayan müxtəlif dini və etnik icmaların nümayəndələri ilə görüşlər təşkil olunacaq.
Xatırladaq ki, indiyədək adıçəkilən qurumlar tərəfindən 2015-ci il 22 iyul - 1 avqust, 2016-cı il 8-15 fevral, 2016-cı il 18-27 iyul tarixlərində də Beynəlxalq multikulturalizm məktəbləri fəaliyyət göstərib.
Qeyd edək ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) fəaliyyətə başladığı 3 ilə yaxın müddət ərzində çoxsaylı əhəmiyyətli layihələr gerçəkləşdirir. Bu layihələrdən biri də mütəmadi olaraq təşkil edilən beynəlxalq multikulturalizm qış və yay məktəbləridir.
Bu layihə BBMM-in “Azərbaycan multikulturalizmi fənninin xaricdə və ölkə universitetlərində tədrisi” layihəsinin məntiqi davamı kimi həyata keçirilir. Tədris layihəsi çərçivəsində hazırda dünyanın və ölkəmizin qabaqçıl ali təhsil ocaqlarında Azərbaycan multikulturalizmini öyrənən tələbələr üçün təşkil olunan qış və yay məktəblərinin məqsədi həmin gənclərin nəzəri olaraq öyrəndikləri multikultural və tolerant dəyərlərimizi ölkəmizdə əyani şəkildə görüb şahid olmalarına imkan yaratmaqdır.
Sayca dördüncüsü reallaşan beynəlxalq multikulturalizm yay və qış məktəbləri vasitəsilə Azərbaycana olan maraq sevgiyə çevrilməkdədir. Bu sevginin təzahürüdür ki, III Beynəlxalq multikulturalizm məktəbində “Azərbaycanın Gənc Dostları” Beynəlxalq Klubu yarandı və hazırda 200-dən artıq üzvü ilə fəaliyyət göstərir. Klubun üzvlərinin timsalında artıq xaricdə Azərbaycanı sevən, haqq işini dəstəkləyən lobbi formalaşıb, yeni əməkdaşlıqlar və dostluqlar yaranıb. Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayevin qeyd etdiyi kimi, “İndi dünyada Azərbaycanın həqiqətlərini ölkəmizin dostları müdafiə edir”.