Bakı. Ləman Zeynalova - Trend:
Azərbaycan gimnastikanın inkişafı ilə bağlı başladığı işi davam etdirsə, idmanın bu növündə yüksəkdə dayanacaq.
Bunu Trend-ə Qətər Gimnastika Federasiyasının prezidenti Əli əl-Hitmi Bakıda Beynəlxalq Gimnastika Federasiyasının (FIG) illik Şurasının kuluarlarında deyib.
O qeyd edib: "Mən Azərbaycan Gimnastika Federasiyasına bu tədbirin keçirilməsinə görə minnətdarlığımı bildirirəm. Azərbaycan bu idman növünün inkişafı sahəsində düzgün yoldadır. Ölkədə gimnastikanın bütün növləri inkişaf edir".
Əl-Hitmi bildirib ki, gimnastika sahəsində yüksək nəticələr əldə etmək üçün vaxt tələb olunur: "Gələcəkdə yaxşı gimnastika üçün möhkəm bünövrə lazımdır. Azərbaycan Gimnastika Federasiyası bu istiqamətdə işləyir və əminəm ki, gələcəkdə Azərbaycan bu sahədə güclü olacaq".
Bakıda IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsinin əhəmiyyətindən danışan federasiya rəhbəri vurğulayıb ki, Azərbaycan bu Oyunları keçirməklə bütün dünyaya İslam aləminin birliyi və sülhsevərliyini çatdıracaq.