...

Millət vəkili: Benzinin qiymətinin artması əhalinin sosial vəziyyətinə mənfi təsir göstərməyəcək

Cəmiyyət Materials 15 İyul 2017 13:18 (UTC +04:00)
Azərbaycanda Aİ-92 markalı benzinin qiymətinin artırılması əhalinin sosial vəziyyətinə mənfi təsir göstərməyəcək.
Millət vəkili: Benzinin qiymətinin artması əhalinin sosial vəziyyətinə mənfi təsir göstərməyəcək

Bakı. Samir Əli - Trend:

Azərbaycanda Aİ-92 markalı benzinin qiymətinin artırılması əhalinin sosial vəziyyətinə mənfi təsir göstərməyəcək.

Bunu Trend-ə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Musa Quliyev deyib.

M.Quliyev qeyd edib ki, Aİ-92 markalı benzinin qiymətinin artırılmasının bir neçə səbəbləri var: "Buna əsas səbəb də xarici amillərdir ki, dünya maliyyə-iqtisadi böhranı nəticəsində bir sıra ölkələrin, o cümlədən Azərbaycanın milli valyutası dəyərdən düşdü və dolların məzənnəsi qalxdı. Dolların məzənnəsinin qalxması heç şübhəsiz ki, neft sahəsinə də təsir etdi. Bildiyiniz kimi, Azərbaycan iqtisadiyyatının böyük hissəsini neft sektoru təşkil edir və biz xarici bazarlara daha keyfiyyətli neft məhsulları çıxartmalıyıq, eyni zamanda avrostandartlara qoşulduğumuza görə istehsal etdiyimiz, o cümlədən daxildə istehlak etdiyimiz benzinin keyfiyyəti həmin tələblərə uyğun olmalıdır. Bu tələblərə cavab verməkdən ötrü təbii ki, biz öz neft emalı sənayemizi modernləşdirməliyik. Bütün bunların hamısı benzinin qiymətinin qaldırılmasını şərtləndirirdi ki, Dövlət Neft Şirkəti rentabelli işləyə bilsin".

Onun sözlərinə görə, bir çox ətraf ölkələrdə benzinin qiyməti Azərbaycanla müqayisədə xeyli bahadır:

"Rusiya kimi güclü bir dövlətdə benzinin qiyməti qalxdı və ölkənin Prezidenti Vladimir Putin də bunun çox normal izahını verdi. Bəzən soruşurlar ki, bu, insanların sosial vəziyyətinə mənfi təsir göstərəcəkmi? Şübhəsiz ki, istənilən qiymət artımı müəyyən dövrdə insanlar üçün psixoloji gərginlik yarada bilər. Amma əhalinin sosial müdafiəsi daim Azərbaycan dövlətinin, cənab Prezidentin diqqət mərkəzindədir. Digər tərəfdən də biz bir cəmiyyət olaraq qənaət etməyə öyrənməliyik. Məsələn, Avropa ölkələrində bizdəki qədər iri yanacaq tutumu olan maşınlara nadir hallarda rast gəlmək olar".

Millət vəkili əlavə edib ki, benzinin qiymətinin artırılması reallıqdan doğan bir addımdır: "Bu artım əhalinin sosial vəziyyətinə mənfi təsir göstərməyəcək".

Xatırladaq ki, Tarif (qiymət) Şurasının iyulun 14-də keçirilmiş növbəti iclasında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) müraciəti əsasında "Aİ-92" markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 90 qəpik səviyyəsində təsdiq edilib. Qərar 2017-ci il 15 iyul tarixindən qüvvəyə minib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti