Bakı. Trend:
Sosial cəhətdən həssas qrupların sosial-iqtisadi mənafelərinin cəmiyyətin digər üzvləri ilə bərabərhüquqlu və dolğun təminatına nail olunması, onların həyat səviyyəsinin yaxşılaşdırılması yönündə müxtəlif formalarda təsirli və aktiv tədbirlər kompleksinin reallaşdırılması Azərbaycanda qurulmuş etibarlı sosial müdafiə sisteminin başlıca prinsipi kimi çıxış edir. Dünya Bankı tərəfindən ölkəmizin sosial müdafiə sistemi geniş əhatəliliyə malik olan və əhalinin yoxsul sayıla biləcək hissəsinin 90,1 faizini əhatə edən, yoxsulluğun azaldılmasında mühüm rol oynayan bir sistem kimi dəyərləndirilib.
Bu barədə Trend-ə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Hazırda sosial müdafiə sistemi vasitəsilə 1 milyon 330 min nəfər əmək pensiyası ilə təmin edilir. 2016-cı ildən qurulan müasir sığorta-pensiya sistemi, eləcə də ötən 11 ildə dövlət başçısı tərəfindən əmək pensiyalarının baza hissəsinin artırılması üzrə 9, sığorta hissəsinin indeksləşdirilməsi üzrə 11 olmaqla 20 sərəncam imzalanması bu dövrdə əmək pensiyası xərclərinin 6 dəfəyə yaxın, onun orta aylıq məbləğinin 6,4 dəfə artması ilə nəticələnib. Bu artım dinamikasının davamı olaraq, cari ilin ötən dövründə pensiyaların orta aylıq məbləği ilin əvvəlinə nisbətən 5,2 faiz artaraq 1 oktyabr 2017-ci il tarixinə 203,2 manata, o cümlədən yaşa görə pensiyanın orta aylıq məbləği 226 manata çatıb. Onu da bildirək ki, dayanıqlı sosial-iqtisadi inkişaf şəraitində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun gəlirlərinin mütəmadi artımı pensiya və müavinətlərin də vaxtında maliyyələşdirilməsinə imkan verib.
2017-ci il tarixinə respublika əhalisinin 4,5 faizi və ya 460 min nəfər müxtəlif növ müavinətlərlə təmin olunur. Son on ildə bu sosial ödənişlərin orta aylıq məbləği 3 dəfədən çox artırılıb. Onu da bildirək ki, əlilliyi olan şəxslərin mühüm bir hissəsi əlilliyə görə əmək pensiyası ilə təmin olunurlar. Eyni zamanda, müharibə əlilləri və onlara bərabər tutulanlara aylıq sosial müavinət və ya əmək pensiyası ilə bərabər, 2008-ci ilin sentyabrından Azərbaycan Prezidentinin aylıq təqaüdü də ödənilir. Ötən müddətdə həmin təqaüdün məbləği orta hesabla 2 dəfədən çox artırılaraq I qrup əlillər üçün 165 manata, II qrup əlillər üçün 143 manata, III qrup əlillər üçün 110 manata çatdırılıb.
Eyni zamanda, şəhid ailələrinin də hələ 2007-ci ilin əvvəlindən Prezidentin aylıq təqaüdü ilə təminatı həyata keçirilir. Ötən müddətdə şəhid ailələrinə ödənilən həmin təqaüdün məbləği 2,2 dəfə artırılıb və 220 manata çatdırılıb. Həmin sosial ödənişlərlə bərabər, şəhidlərin ailə üzvlərinin əmək pensiyasının baza hissəsinin üzərinə əlavə də hesablanır. Qarabağ müharibəsi əlillərinin və şəhid ailələrinin hər bir uşağına görə aylıq sosial müavinət, əmək pensiyası almaq hüququ olmayan şəhid ailəsi üzvlərinə kommunal, nəqliyyat və digər xidmətlər üçün aylıq sosial müavinət də verilir.
Azərbaycan Prezidenti İlham Əliyevin 20 iyun 2014-cü il tarixli Sərəncamı Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzillə təminatı işlərinin daha da güclənməsinə səbəb olub və Sərəncama uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən son iki ildə və cari ilin ötən dövründə 607 nəfər Qarabağ müharibəsi əlili və şəhid ailəsi müasir tələblərə uyğun yeni mənzillərlə təmin olunub. Ümumilikdə isə indiyədək nazirliyin xətti ilə 5560 nəfər əlil və şəhid ailəsinə mənzil verilib. 5,9 min nəfər müharibə əlili və onlara bərabər tutulan şəxsə dövlət büdcəsi hesabına minik avtomobili təqdim olunub.
Ölkəmizdə qurulan sosial müdafiə sisteminin bir istiqaməti də aztəminatlı ailələrin ünvanlı sosial yardım proqramı ilə əhatə olunmasına yönəlib. Ötən il sosial yardım sisteminin tam avtomatlaşdırılması bu sahədə məmur-vətəndaş təmasları olmadan tam obyektiv və şəffaf şəkildə yardım təyinatlarının həyata keçirilməsinə şərait yaradıb. Hazırda 97,2 min ailənin 400,4 min nəfər üzvü ünvanlı sosial yardım alır. 2017-ci ilin 1 oktyabr tarixinə ünvanlı dövlət sosial yardımının bir ailəyə düşən orta aylıq məbləği 150 manat təşkil edib.
Dövlət başçısının tapşırığına uyğun olaraq, hazırda aztəminatlı ailələrin yoxsulluqdan özünüməşğulluğuna şərait yaradılması yönündə mühüm işlər aparılır. Azərbaycan Prezidenti İlham Əliyevin 7 aprel 2016-cı il tarixli Sərəncamına əsasən, icra olunan özünüməşğulluq proqramı çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən cari ilin fevral ayından başlayaraq aztəminatlı ailələrin gəlir imkanlarının artırılması və ailə biznesinə çıxış imkanlarına malik olmaları üçün aktivlərlə təminatı həyata keçirilir. 2018-ci ilin əvvəlindən “İşsizlikdən sığorta haqqında” Qanunun tətbiqinə başlanılması nəticəsində formalaşan maliyyə vəsaitləri işşiz şəxslərin sosial müdafiəsi ilə yanaşı, özünüməşğulluq proqramının əhatə dairəsinin genişlənməsinə, proqrama cəlb olunanların sayının 6 dəfəyə yaxın artırılmasına imkan yaradacaq.
Qeyri-neft sektorunun genişlənməsi şəraitində yeni iş yerlərinin açılmasının daimi xarakter alması, aktiv məşğulluq tədbirlərinin gücləndirilməsi əmək bazarında sabitliyin qorunub saxlanmasına imkan yaradıb. Bu sahədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti orqanları tərəfindən də məqsədyönlü işlər aparılır. Bu işlərin davamı olaraq, cari ilin 9 ayında Dövlət Məşğulluq Xidməti tərəfindən 41,6 min nəfər şəxs münasib işlərlə təmin edilib. Əmək bazarında sabitliyin yaradılmasına yönələn kompleks tədbirlər ötən ilin müvafiq dövrünə nisbətən məşğulluq orqanlarına iş üçün müraciət edənlərin sayının da 2 dəfə azalmasına imkan verib.