...

Bəzi dini qruplar dini məqsədli şəkildə azərbaycançılığa qarşı qoyurlar

Cəmiyyət Materials 10 Noyabr 2017 13:25 (UTC +04:00)
İdeoloji təhlükəsizlik baxımından bir sıra problemlərlə üzləşirik. Əsas birinci problemimiz dini kimliyimizin milli kimliyimizə qarşı qoyulmasıdır.
Bəzi dini qruplar dini məqsədli şəkildə azərbaycançılığa qarşı qoyurlar

Bakı. İlhamə Isabalayeva - Trend:

İdeoloji təhlükəsizlik baxımından bir sıra problemlərlə üzləşirik. Əsas birinci problemimiz dini kimliyimizin milli kimliyimizə qarşı qoyulmasıdır.

Trend-in məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov “Dini maarifləndirmə işi: Mövcud vəziyyət və imkanlar” konfransında çıxışında deyib.

O bildirib k, bəzi dini qruplar dini məqsədli şəkildə azərbaycançılığa qarşı qoyurlar.

Komitə rəsmisinin sözlərinə görə, bəzi dırnaqarası dindarlar üçün "20 Yanvar" hadisəsində, Xocalı soyqırımında ölənlər şəhid sayılmır:

"Onlar bunu qəbul etmirlər. Həmin şəxslər 28 may Respublika Günü, 26 iyun Silahlı Qüvvələr Günü, 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qəbul etmirlər. Bir azərbaycanlı bunu qəbul etmirsə, amma cibində ölkənin vətəndaşlıq pasportunu daşıyırsa, belə şəxsin bizim üçün bir ingilisdən fərqi varmı? Onların məqsədi nədir ki, azərbaycançılığı bu şəkildə zəiflətməyə çalışırlar?"

G.İsmayılov bildirib ki, ideoloji təhlükəsizlik baxımından ikinci əsas problem dindarların öz kontingentləri daxilində dünyəviliyi zəiflətməyə çalışmalarıdır: "Onlar deyirlər ki, Azərbaycan şəriət qanunları ilə idarə edilməlidir. Ancaq Azərbaycan islam dövləti yox, dünyəvi dövlətdir".

G.İsmayılov əlavə edib ki, üçüncü problem isə dinin siyasiləşdirilməsidir: "Bəzən dindarlar məsciddə və ondan kənarda siyasi tələblər qoyurlar. Bildirirlər ki, Azərbaycan Amerika, İran və İsraillə münasibətlərini bu cür qurmalıdır. Ancaq məscid siyasət yeri deyil. Siyasətlə məşğul olmaq istəyənlər siyasi partiya yaratmalıdır. Təbii ki, din adı altında siyasi partiyanın yaradılması yolverilməzdir. Biz dinin siyasiləşdirilməsinin əleyhinəyik və buna qarşı çıxacağıq. Digər problem isə ənənəvi islamın zəifləməsidir. Bəzi dindar qruplar tolerant deyillər. Məzhəbçiliyin güclənməsi, dünyəvi təhsilə qarşı çıxışların olması da problemlər sırasındadır. Lakin məktəb və məscid bir-birilərinə alternativ deyillər. Din pərdəsi adı altında əsla qadınların hüquqlarının məhdudlaşdırılmasına yol verilməməlidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti