...

Kollegiya sədrindən AÇIQLAMA: Azərbaycanda peşəkar vəkillərin sayı artırılacaq

Cəmiyyət Materials 8 Dekabr 2017 11:56 (UTC +04:00)
Azərbaycan Vəkillər Kollegiyasının yeni sədri Anar Bağırov rəhbərlik etdiyi qurumun gələcək planları barədə danışıb.
Kollegiya sədrindən AÇIQLAMA: Azərbaycanda peşəkar vəkillərin sayı artırılacaq

Bakı. Samir Əli - Trend:

Azərbaycan Vəkillər Kollegiyasının yeni sədri Anar Bağırov rəhbərlik etdiyi qurumun gələcək planları barədə danışıb.

Trend-in məlumatına görə, A.Bağırov jurnalistlərə bildirib ki, Vəkillər Kollegiyası ilk öncə vəkilliklə bağlı sənədlərin qəbuluna başlayacaq:

"Məlum olduğu kimi, qanunvericiliyə müvafiq dəyişikliklər edilib. Dəyişikliyə görə, yanvarın 1-dən fiziki şəxslərin məhkəmələrdə nümayəndə kimi çıxması məhdudlaşdırılır. Vətəndaşlara hüquqi yardımı yalnız peşəkar vəkillər həyata keçirəcəklər. Vəkillər Kollegiyası buna hazır olmalıdır. Məqsədimiz odur ki, ən qısa zaman ərzində sənəd qəbulu bərpa olunsun. Kollegiyanın üzvlərinin artırılmasına çalışacağıq".

A.Bağırov bildirib ki, Kollegiya həmçinin, regionlarda hüquqi yardım işini təkmilləşdirməyə çalışacaq:

"Məlum olduğu kimi, regionlarda vəkillərin sayı azdır və bu sahədə ciddi problemlər var. Biz bunun həlli yollarını tapmalıyıq. Ödənişsiz hüquqi yardımla bağlı da problemlər var. Bununla bağlı konsepsiya hazırlayacağıq. Məqsədimiz odur ki, ölkədə ödənişsiz hüquqi yardım institutu müasirləşdirilsin, standartlara cavab versin. Həmçinin, vəkillərin peşə hazırlığının artırılması məsələsi gündəmdədir. Biz istəyirik ki, hüquqi yardım göstərənlərin peşə hazırlığı yüksək olsun. Vəkillərin beynəlxalq fəaliyyətinə də üstünlük veriləcək. Eyni zamanda istəyirik ki, vəkillərin peşə bayramı qeyd edilsin. Bununla bağlı da müvafiq komissiya yaradılacaq və müvafiq qərarlar qəbul edəcəyik. Vəkillərin peşəkarlıq səviyyəsi artırılmalıdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti