...

İndoneziyada Azərbaycan mədəniyyəti mərkəzi yaradılıb (FOTO)

Cəmiyyət Materials 25 Yanvar 2018 11:58 (UTC +04:00)
Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, əməkdar elm xadimi, akademik Kamal Abdullanın təşəbbüsü ilə ilk dəfə olaraq İndoneziya Respublikasının İndoneziya Universitetində Azərbaycan mədəniyyəti mərkəzi yaradılıb.
İndoneziyada Azərbaycan mədəniyyəti mərkəzi yaradılıb (FOTO)

Bakı. Trend:

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, əməkdar elm xadimi, akademik Kamal Abdullanın təşəbbüsü ilə ilk dəfə olaraq İndoneziya Respublikasının İndoneziya Universitetində Azərbaycan mədəniyyəti mərkəzi yaradılıb.

ADU-nun İctimaiyyətlə əlaqə Departamentindən Trend-ə verilən məlumata görə, Mərkəzi maddi-texniki baza və tədris materialları ilə ADU təchiz edəcək.

Cari ilin yanvar ayının 13-dən 22-dək İndoneziyada işgüzar səfərdə olmuş ADU-nun Elmi tədqiqatlar və nəşrlər şöbəsinin müdiri, professor Həbib Zərbəliyevin verdiyi məlumata görə, Azərbaycan mədəniyyəti mərkəzi ilkin olaraq Ümummilli lider Heydər Əliyevin, ölkə prezidenti İlham Əliyevin, Azərbaycanın görkəmli yazıçı və şairlərinin portretləri, dövlət atributları – bayraq və gerbimiz, dövlət dili, ölkəmiz, o cümlədən Azərbaycan multikulturalizmi haqqında məlumatları özündə əks etdirən kitablar və şəkillərlə təmin olunub. Mərkəz universitetin fundamental kitabxanasının binasında yerləşir. İndoneziya Universiteti Azərbaycanla bağlı tədbirlərin və görüşlərin keçirilməsi üçün Azərbaycan mədəniyyəti mərkəzini böyük zalla təmin edib.

H.Zərbəliyev səfər müddətində İndoneziya Universitetinin Tədris işləri üzrə prorektoru, professor Bambanq Vibavarta və kitabxananın müdiri Fuad Qani ilə görüşüb. Onun sözlərinə görə, mərkəzə ADU-nun bir müəlliminin rəhbərlik etməsi, həmçinin növbəti tədris ilindən həmin universitetdə “Azərbaycan multikulturalizmi” fənninin tədris edilməsi nəzərdə tutulub. İndoneziyanın Bandunq şəhərində təcrübədə olan azərbaycanlı tələbələrlə görüşmüş professor H.Zərbəliyev bildirib ki, Azərbaycan mədəniyyəti mərkəzi və ADU-dakı İndoneziya Araşdırmalar mərkəzinin qarşılıqlı əməkdaşlığı yüksək ixtisaslı kadrların yetişməsi və əlaqələrin möhkəmlənməsinə öz töhfəsini verəcək.

Səfər zamanı ADU və İndoneziya Universiteti arasında əməkdaşlıq memorandumu imzalamaq haqqında razılıq əldə olunub. Bu memorandumda iki universitet arasında əməkdaşlığın yaradılması, tələbə-müəllim mübadiləsi, birgə elm-tədqiqat işlərinin aparılması öz əksini tapacaq.

Bununla yanaşı, professor H.Zərbəliyev İndoneziyanın Bandunq şəhərində yerləşən Pacacaran Universitetinin rektoru professor Tri Hanqqono Ahmad və bu universitetin inzibati heyəti ilə də görüşüb. Görüşdə ADU və Pacacaran Universiteti arasında əməkdaşlıq memorandumu təsdiqlənib. Əməkdaşlıq çərçivəsində Pacacaran Universiteti burada Azərbaycan mədəniyyəti günlərini keçirməyi də təklif edib.

H.Zərbəliyev səfər çərçivəsində həmçinin İndoneziyanın Bandunq şəhərindəki Sunan Kalicaqa Dövlət İslam Universitetinin rektoru, professor H.Musa Aşari və digər rəhbər şəxslərlə görüşüb. Görüşdə bu universitetin ADU ilə əməkdaşlıqda maraqlı olması ilə bağlı fikirlər söylənib. ADU-nun professoru H.Zərbəliyev həmin universitetin dəvəti ilə burada Azərbaycan mədəniyyəti və multikulturalizmi haqqında məruzə ilə çıxış edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti