Bakı. İlhamə İsabalayeva – Trend:
Hazırkı zoopark və sirk Bakıya heç yaraşmır.
Trend-in məlumatına görə, bunu Milli Məclisin Mədəniyyət komitəsinin üzvü Elmira Axundova komitənin bu gün keçirilən iclasında deyib.
O qeyd edib ki, uşaqların sevimli yerləri olan zoopark və sirk pis vəziyyətdədir: “Mövcud zoopark heç bir parametrə sığmır, heyvanlar çox baxımsız vəziyyətdədir. Sirkdə də eyni vəziyyətdir. Bundan başqa, açıq havada olan əyləncə parkları da müasir səviyyədə deyil. Biz bununla bağlı - kütləvi tamaşa yerləri ilə bağlı qanun layihəsi hazırlaya bilərik. Mən bu layihəni hazırlamağa hazıram”.
Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov belə bir layihənin hazırlanmasının əleyhinə olmadığını söyləyib. O təklif edib ki, kütləvi tamaşa yerləri ilə bağlı layihə hazırlanarkən yalnız uşaqları deyil, gənclər auditoriyasını da nəzərə almaq olar.