...

ABŞ və Azərbaycan qadın hüquqları ilə bağlı məlumat mübadiləsi aparıb (FOTO)

Cəmiyyət Materials 5 Aprel 2018 14:07 (UTC +04:00)
“Qadın hüquqlarının müdafiəsi: beynəlxalq və milli aspektlər” adlı yeni nəşr olunmuş kitab qadın hüquqları sahəsində çalışan hüquqşünaslar, gender məsələləri üzrə ekspertlər, elmi tədqiqatçılar və media nümayəndələri üçün hərtərəfli mənbə kimi xidmət edəcək.
ABŞ və Azərbaycan qadın hüquqları ilə bağlı məlumat mübadiləsi aparıb (FOTO)

Bakı. İlhamə İsabalayeva - Trend:

“Qadın hüquqlarının müdafiəsi: beynəlxalq və milli aspektlər” adlı yeni nəşr olunmuş kitab qadın hüquqları sahəsində çalışan hüquqşünaslar, gender məsələləri üzrə ekspertlər, elmi tədqiqatçılar və media nümayəndələri üçün hərtərəfli mənbə kimi xidmət edəcək, habelə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində dərs vəsaiti kimi istifadə olunacaq.

ABŞ-ın Azərbaycandakı səfirliyindən Trend-ə verilən məlumata görə, kitabın nəşri ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) tərəfindən maliyyələşib və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Bakı Dövlət Universiteti və Konstitusiya Araşdırmalar Fondu ilə tərəfdaşlıqda hazırlanıb. Kitab qadın hüquqları sahəsində dövlət siyasəti və milli qanunvericilik, beynəlxalq və milli standartların müqayisəsi və qadın hüquqlarının müdafiəsi mexanizmləri barədə bəhs edir. Kitab həmçinin Azərbaycanda qadın hüquqlarının müdafiəsi üzrə qanunların praktiki tətbiqi hallarını nümunə gətirir.

Nəşrin bu gün keçirilən təqdimat mərasimində USAID-in Azərbaycandakı missiya direktoru Mikaela Meredis qadınları onların hüquqları barədə məlumatlandırmağın əhəmiyyətindən danışıb: “Öz hüquqlarını bilmək qadınlara və qızlara cəmiyyətin tam hüquqlu üzvləri olmaq, habelə vacib siyasi qərarların qəbul edilməsində iştirak etmək və öz icmalarını yaxşılaşdırmaq üçün öz bacarıqlarını istifadə etmək imkanı verən mühüm amillərdəndir”.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova tədbirdə iştirak edərək nitq söyləyib. Hicran Hüseynova kitabın müəlliflərindən biri olaraq bu nəşrin təşviqində mühüm rol oynayır.

USAID bu kitabı Counterpart İnternational təşkilatının icra etdiyi Qadın İştirakçılığı Proqramı vasitəsilə maliyyələşdirib. Qadınların imkanlarının artırılması və gender bərabərliyinin təşviqi USAID və ABŞ hökumətinin qlobal prioritetlərindəndir. USAID 80-dən çox ölkədə gender proqramlarını həyata keçirir. Azərbaycanda USAID qadınların iqtisadiyyatda və siyasi qərarların qəbul edilməsində iştirakını artırmaqla, habelə gender əsaslı zorakılıq və insan alveri ilə mübarizə aparmaqla qadınların imkanlarının artırılmasını təşviq edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti