...

Akademik Zərifə Əliyevanın xatirəsi anılıb (FOTO)

Cəmiyyət Materials 27 Aprel 2018 20:28 (UTC +04:00)
Görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın anadan olmasının 95-ci ildönümü ilə əlaqədar tədbir keçirilib.
Akademik Zərifə Əliyevanın xatirəsi anılıb (FOTO)

Bakı. Trend:

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki (BŞTİ) 327 nömrəli tam orta məktəbdə görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın anadan olmasının 95-ci ildönümü ilə əlaqədar tədbir keçirilib.

İdarədən Trend-ə verilən məlumata görə, “Örnək ömrün sorağında” adlı tədbirdə BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva, Suraxanı Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Barxudar Barxudarov, YAP Suraxanı Rayon Təşkilatı icra aparatının rəhbəri Fərman Rəsulov, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi Suraxanı rayon təşkilatının sədri Fərhad Həsənov, BŞTİ-nin müvafiq struktur bölmə rəhbərləri, müəllim, valideyn, şagird və KİV nümayəndələri iştirak ediblər.

Tədbir Dövlət himninin səsləndirilməsi və akademik Zərifə Əliyevanın xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsilə başlayıb.

Qonaqları salamlayan məktəbin direktor səlahiyyətlərini müvəqqəti icra edən Roza İsmayılova görkəmli alim Zərifə Əliyevaya həsr edilmiş tədbirə yüksək şövqlə hazırlaşdıqlarını, bu nəcib insanın şərəfli həyat yolunun hər bir Azərbaycan qadını üçün nümunə və kamillik məktəbi olduğunu söyləyib.

Tədbirdə çıxış edən BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva akademik Zərifə Əliyevanın alim kimi qazandığı böyük uğurların Azərbaycanın tibb tarixində xüsusi bir mərhələ təşkil etdiyini bildirib. İdarə müdiri Zərifə Əliyevanın elmi fəaliyyətinin çox zəngin və əhatəli olduğunu, istedadlı alim kimi oftalmologiyanın aktual mövzularına həsr edilmiş çoxprofilli tədqiqatlar apardığını və dəyərli elmi-tədqiqat işləri yazdığını diqqətə çatdırıb.

Bir neçə il akademik Zərifə Əliyeva adına liseyin direktoru olmasından böyük qürur duyduğunu bildirən M.Vəliyeva görkəmli oftalmoloqun əziz xatirəsinin tanınmış həkim, novator alim, eyni zamanda qayğıkeş ana, sədaqətli ömür-gün yoldaşı kimi daim qəlblərdə yaşayacağını deyib.

Tədbirdə çıxış edənlər Zərifə Əliyevanın dəyərli əsər, monoqrafiya, dərslik və dərs vəsaiti, elmi iş, ixtira və səmərələşdirici təkliflərin müəllifi olduğu, həmçinin yüksək ixtisaslı səhiyyə kadrlarının hazırlanmasına da böyük əmək sərf etdiyini nəzərə çatdırıblar.

Daha sonra şagirdlər Zərifə Əliyevaya həsr edilən şeirlər səsləndirib, mahnılar ifa ediblər.

Tədbir akademik Zərifə Əliyevanın həyat və fəaliyyətindən bəhs edən sənədli filmin nümayişi ilə başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti