...

ƏƏSMN-də ulu öndər Heydər Əliyevə həsr olunan konfrans keçirilib (FOTO)

Cəmiyyət Materials 7 May 2018 20:10 (UTC +04:00)

Bakı. Trend:

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) “Ulu öndər Heydər Əliyev-Azərbaycan dövlətinin qurucusu kimi” mövzusunda konfrans keçirilib.

ƏƏSMN-dən Trend-ə verilən məlumata görə, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev tədbiri giriş sözü ilə açaraq, dünya şöhrətli siyasi şəxsiyyət, görkəmli dövlət xadimi, ümummilli lider Heydər Əliyevin milli dövlətçilik ideyasının demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prinsipləri və azərbaycançılıq məfkurəsi əsasında gerçəkləşdirilməsi və müasir müstəqil Azərbaycan dövlətinin qurulması naminə misilsiz tarixi xidmətlərini diqqətə çatdırıb.

Nazir vurğulayıb ki, müstəqil dövlətimizin qurulması üçün güclü sosial-iqtisadi və intellektual potensialın formalaşdırılması hələ ötən əsrin 70-80-ci illərində respublikamıza rəhbərliyi zamanı ulu öndərin əsas fəaliyyət prinsipi olub. Həmin dövrdə Azərbaycan keçmiş ittifaq məkanında geri qalmış respublikalar sırasından çıxaraq inkişaf etmiş sənaye respublikasına çevrilib, ölkəmizin iqtisadi, sosial, ictimai-mədəni həyatında intensiv inkişaf təmin olunub, eyni zamanda, əhalinin məşğulluq imkanları genişləndirilib, rifah halı yaxşılaşdırılıb.

S.Babayev bildirib ki, xalqın tələbilə 1993-cü ilin iyun ayında yenidən respublikamıza rəhbərliyə qayıdan ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin qurulması və ildən-ilə möhkəmləndirilməsi kimi mühüm tarixi vəzifəni yüksək səviyyədə yerinə yetirib. Ulu öndər Ermənistanın təcavüzünün qarşısını alaraq cəbhədə atəşkəsə, iqtisadi tənəzzülün, kəskin inflyasiyanın qarşısının alınmasına, respublikanın iqtisadi potensialının üzə çıxması üçün “Əsrin müqaviləsi”nin imzalanmasına nail olub. Eyni zamanda, ümummilli lider Heydər Əliyev Azərbaycanın beynəlxalq münasibətlərini qaydaya salaraq, bu münasibətlər sistemində dövlətimizin mövqeyinin güclənməsini, ölkəmizin ərazi bütövlüyünün beynəlxalq səviyyədə tanınması üçün diplomatik uğurların əldə olunmasını təmin edib.

Ölkəmizi uzunmüddətli inkişaf yoluna çıxaran ulu öndər əhalinin rifah halının təminatını, vətəndaş firavanlığını başlıca hədəf kimi müəyyən edən sosial dövlət ideyasını da uğurla reallaşdırıb.

Nazir vurğulayıb ki, ümummili lider Heydər Əliyevin müdrik siyasətinin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən müasir çağırışlara uyğun şəkildə və qlobal məkanda baş verən proseslər praqmatik mövqedən nəzərə alınmaqla uğurla davam etdirilməsi, ulu öndərin əbədiyaşar ideyalarının, Azərbaycanın sabit və uzunmüddətli tərəqqi yolunu müəyyən edən inkişaf strategiyasının yüksək səviyyədə gerçəkləşdirilməsi son 15 ildə ölkəmizin bütün istiqamətlər üzrə mühüm tarixi nailiyyətlərə imza atmasına səbəb olub. Bu dövrdə dinamik və davamlı inkişaf yolunda inamla irəliləyərək Cənubi Qafqazın güc mərkəzinə çevrilən Azərbaycan özünün müasir və tolerant cəmiyyət modeli, regionda sülhə, sabitliyə və əməkdaşlığa zəmin yaradan və qlobal önəm kəsb edən möhtəşəm layihələri uğurla reallaşdırması, bütün əməkdaşlıq formatlarında etibarlı tərəfdaş kimi tanınması ilə dünya birliyində nüfuzlu mövqeyə yiyələnib.

S.Babayev əhalinin sosial müdafiəsinin gücləndirilməsi, əmək və sosial müdafiə sisteminin təkmilləşdirilməsi sahələrində də mühüm addımların atıldığını diqqətə çatdırıb. Nazir ulu öndər Heydər Əliyevin sosial sahənin inkişafı ilə bağlı ideyalarının gerçəkləşdirilməsi məqsədilə ölkədə aparılan uğurlu dövlət siyasətinin icasına dəyərli töhfələrini vermək üçün ƏƏSMN tərəfindən səylərin daim artırılacağını vurğulayıb.

Tədbirdə çıxış edənlər müasir müstəqil Azərbaycan dövlətinin ümummilli lider Heydər Əliyevin şah əsəri olduğunu diqqətə çatdırıb, müstəqil dövlətimizin qurulması və inkişafı, ölkəmizin bütün sahələrdə böyük perspektivlərə doğru irəliləməsi, eyni zamanda, respublikada sosial inkişafın təmin olunması, sosial cəhətdən həssas əhali qruplarına dövlət qayğıısnın artırılması üçün ulu öndərin göstərdiyi mühüm tarixi xidmətlərdən bəhs ediblər.

Daha sonra ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibəti ilə ƏƏSMN-nin struktur bölmələri arasında təşkil olunan mini-futbol və şahmat turnirlərinin qaliblərinə fəxri fərmanlar və mükafatlar təqdim olunub.

Konfransın sonunda Yeni Azərbaycan Partiyasının (YAP) sıralarına qəbul edilmək üçün ərizə ilə müraciət edən nazirlik əməkdaşlarının YAP sıralarına üzvlük məsələlərinə baxılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti