Bakı. Samir Əli -Trend:
Ekologiya və Təbi Sərvətlər Nazirliyi qanunvericiliyin tələblərini pozan ictimai iaşə obyektlərinə tətbiq ediləcək cərimələrin məbləğini açıqlayıb.
Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında nazirliyin ətraf mühitin mühafizəsi departamentinin əməkdaşı Kənan Kərimli deyib.
Onun sözlərinə görə, qanunvericiliyin tələblərini pozan iaşə sahiblərinə qarşı İnzibati Xətalar Məcəlləsinin 237.2-ci maddəsinə uyğun olaraq tədbirlər görüləcək: "Ətraf mühitə buraxılan tullantıların qarşısını almaq üçün xüsusi qurğular quraşdırmayan fiziki şəxslər 600 manatdan 25 min manata qədər, hüquqi şəxslər 20-25 min manat cərimələnəcək”.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf mühit üzrə Milli Monitorinq departamentinin əməkdaşı Cəlayir Səmədov isə deyib ki, ətraf mühitə atılan yanma məhsullarının nəticəsində atmosfer havasında karbon və kükürdün miqdarı dəfələrlə çoxalıb.
C.Səmədovun sözlərinə görə, bu aparılan araşdırmalar nəticəsində əldə olunub: "Havada kükürdün miqdarı normadan 4, karbon qazının miqdarı isə 12 dəfədən çoxdur".