...

Statistika Komitəsində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qeyd olunub (FOTO)

Cəmiyyət Materials 25 May 2018 14:03 (UTC +04:00)
Dövlət Statistika Komitəsində 28 May – Respublika Günü və Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 100 illik yubileyi münasibətilə tədbir keçirilib.
Statistika Komitəsində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qeyd olunub (FOTO)

Bakı. Trend:

Dövlət Statistika Komitəsində 28 May – Respublika Günü və Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 100 illik yubileyi münasibətilə tədbir keçirilib. Əvvəlcə Xalq Cümhuriyyəti qurucularının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Komitədən Trend-ə verilən məlumata görə, tədbirdə çıxış edən Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının xalqımızın həyatına şanlı və tarixi hadisə kimi daxil olduğunu bildirib. O qeyd edib ki, müstəqil, azad, demokratik respublika qurulmasını qarşısına məqsəd qoyan Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 aylıq fəaliyyəti dövründə xalqımızın milli mənlik şüurunu özünə qaytarıb, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu bəyan edib. Ölkəmiz XX əsrdə ikinci dəfə müstəqilliyinə qovuşduqdan sonra məhz Ümummilli Lider Heydər Əliyev 1918-1920-ci illərdə fəaliyyət göstərmiş Azərbaycan Xalq Cümhuriyyətinin demokratik və müstəqillik ənənələrini davam etdirib. Bu parlaq dühanın təşəbbüsü ilə Naxçıvan Ali Məclisində Azərbaycanın ictimai-siyasi həyatına təsir edən taleyüklü tarixi qərarlar qəbul edilib, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi təsdiq olunub, milli atributun qəbul olunması barədə Azərbaycan Ali Soveti qarşısında məsələ qaldırılıb. Yeni tarixi şəraitdə Azərbaycan Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə siyasi hakimiyyətə qayıdışından sonra beynəlxalq birliyin suveren üzvü kimi dünya dövlətləri arasında öz layiqli yerini tutmağa başlayıb. Ölkəmizin bu mürəkkəb dövrdə üzləşdiyi bəlalardan xilas olması, dövlət müstəqilliyimizin möhkəmləndirilməsi, demokratik dəyərlərin bərqərar olması məhz Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər Heydər Əliyev fenomeni xalqı vahid milli ideya – azərbaycançılıq məfkurəsi ətrafında birləşdirib, ölkəni parçalamağa çalışan separatçı qüvvələri zərərsizləşdirib, respublikada sabitlik yaradıb. Müasir müstəqil Azərbaycanın nicatı və bir dövlət kimi formalaşması məhz bu böyük qayıdış sayəsində mümkün olub.

Tahir Budaqov xüsusi vurğulayıb ki, müstəqil dövlətçilik və demokratik amallar uğrunda mübarizə aparan Azərbaycan Xalq Cümhuriyyətinin tarixi ənənələri bu gün də yaşayır, qətiyyətlə inkişaf etdirilir. Ümummilli Liderin mükəmməl dövlətçilik yolunu yeni müstəvidə peşəkarcasına davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir və müstəqil ölkəmizin bu gün Azərbaycan Xalq Cümhuriyyətinin siyasi varisi kimi dünya dövlətləri sırasında öz layiqli yerini tutması böyük müdrilik və uzaqgörənliklə təmin edilir, yeni-yeni zəfərlərə imza atılır.

Digər çıxış edənlər XX əsrin sonunda xalqımızın yenidən öz müstəqilliyinə qovuşduğunu bildirib, dövlətçiliyimizin müqəddəratı təhlükə ilə üzləşdiyi bir vaxtda xalqın təkidi ilə Ümummilli Lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıtdığını, məhz Ulu Öndərin polad iradəsi və siyasi uzaqgörənliyi sayəsində Azərbaycanın öz müstəqilliyini qoruyub saxladığını, dünya dövlətləri arasında layiqli yer tutduğunu qeyd ediblər. Vurğulanıb ki, Prezident İlham Əliyev Heydər Əliyevin siyasi kursunun layiqli varisi və davamçısı olmaqla yanaşı, həm də Azərbaycan istiqlalı və dövlətçiliyinin qurucusu kimi şanlı müstəqillik yolunun, şərəfli istiqlal irsinin varisidir. Əminliklə qeyd etmək yerinə düşər ki, xalqımız dövlət başçısının ətrafında bundan sonra da sıx birləşərək fundamental nailiyyətlər qazanacaq, öz müstəqilliyini daim qoruyub saxlayacaq, öz dövlətini zaman-zaman möhkəmləndirəcək.

Tədbirin sonunda Arzu Əliyevanın baş prodüsserliyi ilə Bakı Media Mərkəzi tərəfindən hazırlanan, Xalq Cümhuriyyəti parlamentinin sədri Əlimərdan bəy Topçubaşovun rəhbərliyi ilə Paris sülh konfransına ezamiyyətə gedən Azərbaycan nümayəndə heyətinin çətin və şərəfli taleyindən bəhs edən “Əbədi ezamiyyət” sənədli filmi nümayiş olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti