Bakı. Trend:
Azərbaycan Xalq Cumhuriyyətinin 100 illik yubileyii ilə bağlı Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin keçirdiyi “Şərqin ilk parlayan ulduzu-Azərbaycan Xalq Cumhuriyyəti” yazı müsabiqəsinə yekun vurulub.
Mərkəzdən Trend-ə verilən məlumata görə, müsabiqədə Azərbaycanın və Özbəkistanın ali məktəblərin, litsey və kolleclərin tələbələri, şagirdlər iştirak edib.
Müsabiqənin şərtlərinə görə yazılar Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində fəaliyyət göstərən komissiyaya Azərbaycan, özbək, rus və ingilis dillərində təqdim edilib.
Yazılarda Azərbaycan Xalq Cumhuriyyətinin uğurları, dövlətçiliyk və müstəqillik tarixində əvəzsiz rolu, həyata keçirilən böyük islahatlar, Cumhuriyyətin müasir Azərbaycanın müstəqilliyinə təsiri məsələləri əhatə edilib.
Müsabiqədə birinci yer Azərbaycandan jurnalist Əli Əliyevə, Özbəkistandan isə Daşkənddəki 178 nömrəli orta məktəbin şagirdi Niqora İslamovaya, ikinci yer Daşkənddəki Hüquq litseyinin şagirdi Şazirizadbanu Səttarovaya və Koreya Mərkəzinin şagirdi Firuzə Yaqubovaya verilib.
Üçüncü yerə isə paytaxtdakı 147 nömrəli məktəbin şagirdləri Səid Xəlilov və Nilufər Ənvərova layiq görülüb.