...

IDEA “Eko-skaut” layihəsi uğurla davam edir (FOTO)

Cəmiyyət Materials 16 Oktyabr 2018 19:55 (UTC +04:00)
IDEA İctimai Birliyinin təşəbbüsü ilə start verilən və gənc təbiətsevərlərin böyük marağına səbəb olan “Eko-skaut” layihəsi uğurla davam edir.
IDEA “Eko-skaut” layihəsi uğurla davam edir (FOTO)

Bakı. Trend:

IDEA İctimai Birliyinin təşəbbüsü ilə start verilən və gənc təbiətsevərlərin böyük marağına səbəb olan “Eko-skaut” layihəsi uğurla davam edir.

IDEA İctimai Birliyindən Trend-ə verilən məlumata görə, qısa müddət ərzində sayları 160-a çatan IDEA eko-skautlarının aktiv üzvlərinin iştirakı ilə oktyabrın 13-də Park Bulvar Ticarət Mərkəzində “Tullantıdan incəsənətə” sərgisi keçirilib. Sərginin təşkil edilməsində məqsəd tullantıların düzgün idarə edilməsinə töhfə vermək, istifadəyə yararsız əşyalara təkraristifadə yolu ilə ikinci həyat vermək, tullantıların azaldılmasını kiçik yaşlardan təbliğ etmək və uşaqların asudə vaxtlarının səmərəli istifadəsini təşkil etməkdən ibarətdir.

30-dan çox əl işinin nümayiş edildiyi birgünlük sərgidə plastik qablardan, yumurta qabıqlarından, yararsız və köhnə qəzetlərdən, parça kəsiklərindən, düymələrdən və digər tullantı məhsullarından istifadə edilərək hazırlanmış kiçik sənət nümunələri nümayiş edilib.

Eko-skautlar sərgiyə baxmaq üçün yaxınlaşan və əlişlərinə maraq göstərən hər kəsə ətraf mühitin mühafizəsi naminə təkraristifadə və tullantıların azaldılması prinsiplərinin önəmindən bəhs ediblər.

Xüsusi aktivlik göstərərək müvafiq balı toplamış ekod-skautlar növbəti mərhələyə keçərək yeni status qazanıblar. Növbəti mərhələyə keçən eko-skautlar ətraf mühitin qorunmasında, təbiətə qarşı qayğıkeş münasibətdə, ekoloji problemlərin həlli yollarını axtarmaqda fəal iştiraklarına və layihənin ikinci mərhələsini uğurla keçdiklərinə görə “Bələdçi” statusuna layiq görülüb, sertifikatla təltif ediliblər.

Tədbirin sonunda sərgi iştirakçıları Tusi-Bohm Planetariumda “Ağacların sirri” filmini izləyiblər. Daha sonra, IDEA tərəfindən eko-skautlara xatirə hədiyyələri təqdim edilib.

Qeyd edək ki, “Eko-skaut” layihəsinə ötən ilin mart ayında start verilib. Layihənin məqsədi gəncləri təbiətin mühafizəsinə cəlb etmək, onları təbiətin bəxş etdiyi sərvətlərdən qənaətlə və düzgün istifadəyə təşviq etmək, canlı aləmi dərindən öyrənməyə və qorumağa, eləcə də cəmiyyətdə faydalı ekoloji işlərlə məşğul olmağa sövq etməkdən ibarətdir. IDEA eko-skaut layihəsi gənclərə planet üçün təhlükə yaradan ekoloji problemləri dərk etmək və bu problemlərin həllinə digərlərini də cəlb etməklə, bu ictimai hərəkatda iştirak etmək və onun lideri olmaq imkanı yaradır.

IDEA eko-skaut layihəsi haqqında, o cümlədən qeydiyyat, üzvlük qaydaları, balların toplanması və s. ilə bağlı ətraflı məlumat üçün: http://www.ideacampaign.org/ecoscout/, tel.: 012 497 6316

Məqalədə:
Xəbər lenti

Xəbər lenti