...

Beynəlxalq səviyyədə Azərbaycan alimlərinin elmi nəticələrini təbliğ etmək əsas məqsədimizdir (FOTO)

Cəmiyyət Materials 18 Oktyabr 2018 14:12 (UTC +04:00)
Azərbaycanda elmin inkişafını dünya səviyyəsində aparmaq, beynəlxalq əməkdaşlığı daha da inkişaf etdirmək məqsədilə hazırlanan növbəti tədbir Bakı Dövlət Universitetində baş tutub.
Beynəlxalq səviyyədə Azərbaycan alimlərinin elmi nəticələrini təbliğ etmək əsas məqsədimizdir (FOTO)

Bakı. Trend:

Azərbaycanda elmin inkişafını dünya səviyyəsində aparmaq, beynəlxalq əməkdaşlığı daha da inkişaf etdirmək məqsədilə hazırlanan növbəti tədbir Bakı Dövlət Universitetində baş tutub.

Tədbir “Clarivate Analytics” şirkətinin Azərbaycanda təşkil etdiyi “Beynəlxalq elmi jurnallar üçün elmi nəşrlərin hazırlanması və çap qaydaları” adlı layihənin təlimçi-mütəxəssisi Dr. Xəyalə Məmmədova və Bakı Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Dr. Daşqın Qənbərov tərəfindən təşkil olunub. Tədbirdə eyni zamanda Azərbaycanda tanınmış, beynəlxalq standartlı "Elm və İnnovativ Texnologiyalar” adlı elmi jurnalının Təlim Meneceri Talehə Quliyeva da iştirak edib.

Dr. Daşqın Qənbərov tədbirin açılışını etdikdən sonra qeyd edib ki, müasir dövrdə dünya elminə inteqrasiya digər tədbirlərlə yanaşı, elmi araşdırmaların dünya səviyyəsində aparılmasını, elmi əsərlərin istinad indeksli jurnallarda dərcini, bu sahədə beynəlxalq əlaqələrin davamlığını və s. tələb edir. Bu gün əsas hədəflərimizdən biri mühüm elmi-tədqiqat nəticələrinin əldə olunmasında və təbliğində böyük imkanlara malik olan beynəlxalq elmi bazaların imkanlarından geniş istifadə etməkdir.

Növbəti çıxışda Dr.Xəyalə Məmmədova beynəlxalq elmi bazaların imkanlarından istifadə metodları, yüksək indeksli beynəlxalq jurnallarda məqalələr üçün qoyulan tələblər, elmi jurnalın idarə edilməsi prinsipləri, elmi məqalələrin təqdimetmə qaydaları, seçim meyarları və digər praktiki mövzularla bağlı tədbir iştirakçılarını geniş maarifləndirib. Xəyalə Məmmədova xüsusi vurğulayaraq qeyd edib: “Azərbaycan alimlərinin elmi nəticələrini beynəlxalq səviyyədə təbliğ etmək əsas məqsədimizdir. "Elm və İnnovativ Texnologiyalar” kimi jurnalların fəaliyyətinin genişlənməsi bu yolda bizə əvəzsiz böyük kömək edəcək”.

Təqdimat-çıxışdan sonra söz, Azərbaycanda və beynəlxalq səviyyədə tanınmış “Elm və İnnovativ Texnologiyalar” adlı elmi jurnalın Təlim Meneceri Talehə Quliyevaya verilib.

Talehə xanım jurnal haqqında məlumat verərək qeyd edib ki, ictimaiyyət üçün açıq olan resenziyalı, elmin kompleks problemləri, humanitar və ictimai siyasi, tətbiqi, təbiət sahələrini əhatə edən elmi-tədqiqat jurnalıdır. Jurnalda indiyədək dərc olunmayan, orijinallığı, yeniliyi və aktuallığı, ciddi elmi arqumentasiyası, qabaqcıl nəzəri və praktiki əhəmiyyəti ilə diqqəti cəlb edən elmi-texniki məqalələr dərc edilir. Jurnal əsasən Azərbaycan, rus, ingilis və türk dillərində elmi məqalələri dərc edir. Jurnalda ikili rəy sistemindən istifadə olunaraq, məqalələr ən azı 2 dəfə yoxlanıldıqdan sonra dərc üçün təsdiqlənir.

“Elm və İnnovativ Texnologiyalar” jurnalı Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının 04.07.2018-ci il tarixli (Protokol № 11-R) qərarı ilə dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlərin siyahısına daxil edilib. 28 iyun, 2018-ci il tarixində Rusiya Federasiyasının elmi istinad bazası olan РИНЦ arasında əməkdaşlığa dair müqavilə imzalayaraq ,40-a yaxın beynəlxalq elmi bazalarda yerləşdirilib.

Bundan başqa, Azərbaycanın gənc tədqiqatçıları üçün bu istiqamətdə inkişaf etmək məqsədilə ödənişsiz konsultasiya xidmətləri də təşkil edir. Əlavə məlumat üçün www.ejsr.org saytına müraciət edə bilərlər.

Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti