Bakı. Fikrət Doluxanov - Trend:
Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində Bakı Beynəlxalq Humanitar Forumu bütün ölkələrdə böyük rəğbətlə qarşılanır. Trend-in məlumatına görə, bunu AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Bakı Beynəlxalq Humanitar Forumu aktual məsələlərin, bəşəriyyəti düşündürən problemlərin müzakirə olunduğu qlobal platformadır: "Azərbaycan və Rusiya prezidentlərinin təşəbbüsü olan bu Forum dünyanın görkəmli alimlərinin, tanınmış siyasətçilərin, ictimai xadimlərin, ekspertlərin, iqtisadçıların, jurnalistlərin bir araya gəlib dünyanı narahat edən müxtəlif mövzuları geniş müzakirə etməsi ideyasından qaynaqlanıb və ötən müddətdə özünü tam doğruldub".
A.Aslanov vurğulayıb ki, Forumun əhatə dairəsi davamlı olaraq genişlənir və ona maraq getdikcə artır: "Azərbaycan sivilizasiyalararası dialoqun mərkəzinə çevrilib və dünya artıq bunu qəbul edir. Biz fəxrlə deyə bilərik ki, məhz Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu siyasəti nəticəsində Bakı Beynəlxalq Humanitar Forumu bu gün bütün qitələrdə, bütün ölkələrdə böyük rəğbətlə qarşılanır. Bu Foruma çox böyük maraq var. Bilirsiniz ki, Forum çərçivəsində müxtəlif mövzularda plenar sessiyalar, o cümlədən işçi sessiyalar keçirilir. Bizim bu gün toplaşdığımız işçi sessiyada müasir jurnalistikanı və bütövlükdə dünyamızı narahat edən məsələ - feyk xəbərlərin, yanlış məlumatlandırma siyasətinin dünyada sabitliyə yaratdığı təhdid mövzusu müzakirə olunur”.
Jurnalistikanın ciddi dəyişikliklərə uğradığını vurğulayan A.Aslanov deyib ki, ənənəvi media ilə internet jurnalistikası arasındakı rəqabət istər-istəməz yeni çağırışlar, problemlər və təhdidlər ortaya çıxarır: "Bu təhdidlərdən biri də sosial şəbəkələrdən yararlanan bir çox qüvvələrin feyk xəbərlərdən, yanlış xəbərlərdən məharətlə istifadə edərək müxtəlif ölkələrə, xalqlara qarşı informasiya müharibəsi aparması, yalan məlumatlar yaymasıdır. Ənənəvi medianın yanlış məlumatlandırma siyasətinə qarşı mübarizəni gücləndirməsinə bu gün daha çox ehtiyac duyulur".
Məqsədli şəkildə yayılan bu dezinformasiyalardan bir çox ölkələrin, xalqların əziyyət çəkdiyini diqqətə çatdıran İdarə Heyətinin sədri deyib: “Azərbaycan da yalan xəbərlərdən çox böyük ziyan çəkən ölkələrdən biridir. Məsələn, Ermənistan silahlı qüvvələri Azərbaycan torpaqlarının 20 faizini işğal edib. Bizim maddi-mədəniyyət, dini-mənəvi abidələrimizi, qəbiristanlıqlarımızı, yurd yerlərimizi viran qoyub. Lakin onlar Azərbaycan haqqında həyasızcasına yalan, iftira dolu uydurma xəbərlər yaymaqla, dünya ictimaiyyətini çaşdırmaq istəyirlər. Bakı Forumu və digər bu cür beynəlxalq tədbirlər bədxah qüvvələrin iç üzünü açıb göstərmək baxımından da çox əhəmiyyətlidir.
Bu gün dünyanın bir çox ölkələrindən jurnalistlər, görkəmli media xadimləri Bakıya toplaşıb. Hesab edirəm ki, bizim işçi sessiyanın birinci hissəsi çox maraqlı və qızğın diskussiya şəraitində keçdi. Biz bu qəbildən olan məsələləri bir daha müzakirəyə çıxarıb, demək istəyirik ki, dünya Ermənistanın və ermənipərəst dairələrin yalan informasiya üzərində qurulmuş məkrli siyasətinə aldanmamalıdır. O cümlədən digər xalqlara, ölkələrə istiqamətləndirilmiş təcavüzlər aradan qaldırılmalı, belə qüvvələrin öz niyyətlərinə çatmasına imkan verilməməlidir. Ümidvaram ki, biz dünya birliyinin səyi nəticəsində bu bədnam və məkrli fəaliyyətin qarşısını ala biləcəyik”.
Qeyd edək ki, oktyabrın 25-də Bakıda VI Beynəlxalq Humanitar Forum işə başlayıb. “Yeni dünya və yeni insan formalaşdıraq: kreativlik və insan inkişafı” mövzusunda keçirilən budəfəki Foruma 86 ölkə və 24 beynəlxalq təşkilatdan 581 nümayəndə qatılıb.