Bakı. İlhamə İsabalayeva - Trend:
Azərbaycanda dövlət psixoloji yardım sahəsinə nəzarəti həyata keçirəcək.
Milli Məclisdən Trend-ə verilən məlumata görə, bu məsələ yeni hazırlanan "Psixoloji yardım haqqında" qanun layihəsinə daxil edilib.
Layihəyə əsasən, psixoloji yardım bir neçə formada həyata keçirilir.
Psixoloji yardım alan şəxslə mütəxəssis arasında qarşılıqlı əlaqə bilavasitə və vasitəli (telefon, internet və digər texniki vasitələrdən istifadə etməklə) yarana bilər.
Kliniki psixoloji yardımın göstərilməsi yalnız səhiyyə müəssisələrində həyata keçirilməlidir.
Psixoloji yardım alan şəxs psixoloji yardım göstərən müəssisəni və psixoloqu, o cümlədən yardımın növünü və onun göstərilmə şərtlərini sərbəst şəkildə seçmək hüququna malikdir.
Qeyd edək ki, "Psixoloji yardım haqqında" qanun layihəsi Milli Məclisin oktyabrın 30-da keçiriləcək plenar sessiyasında birinci oxunuş üçün müzakirəyə çıxarılacaq.