...

BDU "Web of Science"də lider universitet nominasiyası üzrə qalib olub (FOTO)

Cəmiyyət Materials 5 Dekabr 2018 20:46 (UTC +04:00)

Bakı. Trend:

Bu gün Təhsil Nazirliyi ilə “Clarivate Analytics” arasında əməkdaşlığın yeni mərhələsinə həsr olunmuş mərasim keçirilib.

Bakı Dövlət Universitetindən Trend-ə verilən məlumata görə, təhsil naziri Ceyhun Bayramov mərasimdə çıxış edərək son illər ali təhsilin davamlı inkişafına nail olunması, universitetlərin beynəlxalq elmi bazalara çıxışının asanlaşdırılması, alimlərin elmi məqalələrinin nüfuzlu beynəlxalq nəşrlərdə dərc olunması və dünyanın ən böyük elektron elmi-analitik informasiya bazası olan “Clarivate Analytics” (əvvəlki adı "Thomson Reuters") şirkəti ilə əlaqələrdən danışıb. Məlum olub ki, Azərbaycanın 40 ali təhsil müəssisəsi “Web of Science” elmi platformasına çıxış əldə edib, son 5 ildə Azərbaycan alimlərinin impakt faktorlu jurnallarda çap olunmuş məqalələrinin ölkə üzrə ümumi sayı 74 faiz artıb, ali təhsil müəssisələri üzrə müvafiq göstərici 88 faiz təşkil edib.

Daha sonra çıxış edən Azərbaycan Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev, “Clarivate Analytics” şirkətinin konsorsium inkişafı üzrə qlobal direktoru Izabel Reiss, AMEA-nın vitse-prezidenti Dilqəm Tağıyev ölkədə elmin inkişafı istiqamətində atılan addımlardan danışıblar.

Tədbirdə “Clarivate Analytics” tərəfindən “2015-2018-ci illərdə “Web of Science” elmi bazasında Azərbaycan ali təhsil müəssisələri: nəticə və perspektivlər” adlı təqdimat keçirilib və “Web of Science Azerbaijan-2018” mükafatları təqdim edilib.

Bakı Dövlət Universiteti Web of Science bazasına daxil olan jurnallarda ən çox məqalə dərc etdirən lider universitet nominasiyası üzrə qalib olub.

AMEA, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat ETİ-də birgə çap olunan və Web of Science Core Collection-də indekslənən Q1 jurnalları arasında yer tutan ”Applied and Computational Mathematics” jurnalı da mükafata layiq görülüb.

Bundan əlavə, universitetin Fizika fakültəsinin dekanı, professor Məhəmmədəli Ramazanov və Kimya fakültəsinin dosenti Ataş Qurbanov təbiət elmləri üzrə Web of Science-də ən məhsuldar müəllif nominasiyası üzrə qalib olublar.

BDU-nun Beynəlxalq Elmi Araşdırma Mərkəzinin üzvü,professor Nizami Həsənli, Ekologiya və torpaqşünaslıq fakültəsinin professoru Kamran Mahmudov isə Azərbaycan diaspora elminin inkişafı və dəstəyindəki xidmətlərinə görə mükafata layiq görülüblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti