Bakı. Ceyhun Ələkbərov - Trend.
Bu gün TREND Beynəlxalq İnformasiya Agentliyinin Mətbuat Mərkəzində "RİFAH GOLD" psixoloji reabilitasiya və nitq inkişafı mərkəzi tərəfindən təqdim edilən və "Azərbaycan AİLƏSİ" film festivalında mükafata layiq görülən "Bitməyən ümid" filminin təqdimat mərasimi keçirilib.
Trend-in məlumatına görə, "RİFAH GOLD" psixoloji reabilitasiya və nitq inkişafı mərkəzinin direktoru Vüsalə Səfərəliyeva bildirib ki, filmdə autizm sindromlu uşaqların cəmiyyətə adaptasiya problemlərindən söhbət açılır, valideynlərin vaxtında və düzgün qərarı ilə övladlarının cəmiyyətə qazandırılmasından danışılır.
Qeyd olunub ki, autizm sindromlu uşaqların daim xüsusi qayğıya ehtiyacı olur, bunun üçünsə pedaqoq və psixoloqlarla yanaşı valideynlər də maarifləndirilməlidir.
Filmin "Azərbaycan AİLƏSİ" film festivalında mükafata layiq görülməsi ölkəmizdə xüsusi qayğıya ehtiyacı olan uşaqların daim diqqət mərkəzində olmasının əyani sübutudur.